Bir neçə gün əvvəl Bəhrəmtəpə-Biləsuvar yolunda toy karvanında faciə yaşanıb və 5 nəfər həyatını itirib. Yol polisi hadisədən sonra bir daha xəbərdarlıq edib ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalıdır.
“Əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər. Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır”, - qurumdan bildirilib.
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, toylarda baş verən qəzaların səbəbləri cəmiyyət olaraq bizi narahat etməyə bilməz.
“Bizim milli adət-ənənələrimizin başlıcası toydur. Toy hər bir xalqın, xüsusən də Azərbaycan xalqının milli kimliyidir. Toy bir adətdir, ənənədir, kimlikdir. Amma toylarda qəzaların olması, xoşagəlməz hadisələrin baş verməsi insanlarda məyusluq hissi yaradır. Xüsusən toyda baş verən zaman ölüm hallarının olması, kiminsə sağlamlığını itirməsi toyda qanqaralıq yaradır. Bu nöqteyi nəzərdən toylarda belə hadisələrə qarşıyıq. Yaxşı olar ki, toyun ağsaqqalları bu zaman öz mövqeyini bildirsin. Toy üzvləri, yaşlılar bu məsələlərə nəzarət etməlidir. Xüsusən gənclərin idarə etdiyi nəqliyyat vasitələrinə yüksək həssaslıqla nəzarət olunmalıdır. Qəzaların minimum səviyyədə olması üçün nəzarət maksimum artırılmalıdır. Bu halda müəyyən nailiyyətdən danışmaq olar. Əks halda qanqaralıq olacaq, peşmanlıq hissi vətəndaşları məyus edəcək”.