
Polis əməkdaşlarının iyulun 12-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Həmçinin, ötən gün ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
İyulun 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.