Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb.
Saxlanılmış hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı Gəncə şəhəri ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aralarında əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir neçə şəxsin yaşadığı evə baxış keçirilən zaman narkotik maddələrlə yanaşı odlu silahlar da aşkarlanaraq götürülüb. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.