Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayonunun Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Vüqar Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zamanı 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 12 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini, əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş Niyaməddin Həsənov saxlanılıb. Ondan isə 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.