Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səlim Müslümovla bağlı yeni ifşaedici FAKTLAR


Səlim Müslümovla bağlı yeni ifşaedici FAKTLAR

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində məlum olub ki, zavod direktorunun adına 5 şirkət açılıb.

 

Bu barədə şahid Şaiq Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə deyib.

 

O bildirib ki, Cəlilabad və Lerikdə binalar tikib: "Özüm tikinti mütəxəssisiyəm. Beş şirkətə görə dövlətə 90 min manat ziyan vermişəm. Onların hamısını ödəmişəm".

 

Digər Şahid Alış İsgəndərov fəhlə olduğunu, adına "MS" adlı şirkət təsis edilərək tikinti işləri aparıldığını söyləyib.

 

Daha sonra şahid qismində Adil Qasımov dindirilib. O, "Azərtrans" MMC-nin təsisçisi olduğunu vurğulayıb. Şahid deyib ki, gördüyü işlərə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 min 711 manatdan 1400 manat "otkat", 10 min manatdan isə 2 min 500 manat "otkat" qaytarıb.

 

Şahid Arif Muradov 2021-ci ilə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qax, Zaqatala, Balakən regional ərazi şöbəsinin rəisi vəzifəsində işlədiyini bildirib:

 

"Planlı yoxlamalar keçirmişik, müəssisələrdə pozuntular aşkarlamışıq. Rüşvət alaraq onları nöqsansız göstərirdik. Bunun üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Anar Quliyevə cəmi 3 min 500 manat rüşvət vermişəm".

 

Şahid qismində ifadə verən Elçin Ağayev Kürdəmir rayonunda yerləşən sanatoriyada direktor vəzifəsində çalışdığını deyib. Onun sözlərinə görə, nazirliklə dövlət balansında işləyən şəxslərin sanatoriyada qəbul edilməsi üçün müqavilələr bağlayıb: "İl ərzində cəmi 6 ay işləyirdik. Nazirlik tərəfindən vətəndaşların adına sanatoriya-kurort ezamiyələri yazılıb göndərilirdi. Nazirliyə 4 ildə 204 min 850 manat nağdlaşdırıb "otkat" göndərmişəm. Orada qayda belə idi".

 

Digər şahid Ehtiram Əhmədov "Qızıl Naftalan" adlı sanatoriyada işlədiyini vurğulayıb. O bildirib ki, 1 milyon 778 manatdan 442 min manatı hesabdan nağdlaşdıraraq şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərovaya onun otağında vermişəm".

 

Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.

 

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

 

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

 

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

 

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də