Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə və qəza yerini tərk etməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən tiktoker İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinə müraciət edib.
Bu barədə tiktokerin vəkili Hikmət Əliyev məlumat verib. O bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazıdırlar.
“Apellyasiya şikayətimizi vermişik. Təxminən 20 gün sonra məhkəmə iclasının keçirilməsi gözlənilir. Bu hadisə geniş rezonans doğurdu. Mən vəkil kimi ehtimallarla danışa bilmərəm. İlduzə Hacıyeva barəsində çıxarılan hökmü qanunsuz hesab etdiyimiz üçün ondan şikayət vermişik”, – deyə vəkil bildirib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. Gecə saatlarında İlduzə Hacıyevanın idarə etdiyi "Changan" markalı avtomobil sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb.
Qəza nəticəsində "Mercedes"in sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.
Cinayət işi üzrə çıxarılan hökmə əsasən, İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan dərhal sonra o, məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.


