![](https://cdn.musavat.com/news/thumbnails/3811684713a83c0196bb6cad16876fac.png)
“Kenquru” Olimpiadası illərdir ölkəmizdə Təhsil İnstitutu tərəfindən keçirilir. Bu olimpiada Fransada yaranıb və dünyanın 80-dən çox ölkəsində keçirilir. Adının “Kenquru” qoyulmasının səbəbi də məhz şagirdlərin riyaziyyat elmində kenquru kimi tullanmağının nəzərdə tutulmasıdır. Bu olimpiada vasitəsilə şagirdlərin riyaziyyat istedadı üzə çıxır, onlar rəqabəti, dünyadakı yaşıdları arasında mövqelərini öyrənmiş olurlar. Bütün bunlar digər olimpiadalarda olduğu kimi müsbət hallardır. Müsbət və dəyərli olan harada olursa-olsun, məncə, ondan bəhrələnmək olar. Həmin təşkilatın Fransada olması bizim olimpiadanı oradan satın ala bilmərik mənasına gəlmir.
regiontv.info xəbər verir ki, bu fikirləri təhsil eksperti Qoşqar Məhərrəmov bildirib.
“Qarabağ məsələsində Fransa bizi dəstəkləməsə belə, hazırda Fransa ilə müxtəlif beynəlxalq iqtisadi münasibətlər mövcuddur. Bu olimpiada da onlardan biridir. İqtisadiyyat, elm elə bir anlayışlardır ki, ölkələr bu məsələlərdə rasional yanaşır və bu məsələlərin də milli məsələlər olduğunu bilirlər”, - deyə mütəxəssis əlavə edib.
Onun sözlərinə görə, bu olimpiadanın ödənişi müxtəlif ölkələrdə fərqlidir və ödənişlər təşkilati işlərə xərclənilir:
“Sadəcə şərhçilərin, tənqidçilərin əlinə ləvazimat verməmək üçün bu məsələlərə diqqət yetirilməlidir.
- Heç bir formada məktəb direktoruna məcburi “sizdən bu qədər şagird yazılmalıdır” kimi plan qoyulmamalıdır.
- Məktəblərdə təbliğ və təşviq ola bilər müəllimlər tərəfindən, ancaq icbari ola bilməz.
- Publik hüquqi şəxs olaraq institut bundan gəlir də əldə edə bilər. Ancaq şəffaflıq naminə bu ödənişin hansı hissəsi təşkilati xərclərə, hansı hissəsi Fransadakı quruma, hansı hissəsinin kar olduğu aydın olmalıdır. Belə olarsa, hər şey daha şəffaf olar.
Yaxşı bir söz var, deyir, “müəllimin çalması ağdır, qara nöqtə belə çox aşkar görünür”. Müəllimləri təmsil edən qurumlar da müəllimlər kimi bu məsələlərdə çox şəffaf və hesabatlı olmalıdırlar”.
Qeyd edək ki, Azərbaycanda keçirilən beynəlxalq riyaziyyat müsabiqəsi – “Kenquru” Olimpiadası müzakirələrə səbəb olub. Bu olimpiadanın Fransa dövlətinə məxsus olduğu bildirilir və burada iştirak edən hər bir şagird üçün 20 AZN ödəniş tələb olunur. Azərbaycandan Fransaya külli miqdarda vəsaitin köçdüyü bildirilir.
Elm və təhsil naziri Emin Əmrullayev isə bir neçə gün öncə keçirdiyi brifinqdə deyib ki, “Kenquru” Olimpiadasına külli miqdarda pul köçürülmür:
““Kenquru” Olimpiadasına 150 avro köçürülür. Bir çox beynəlxalq şirkətlərin adı fransızcadır. Bu olimpiadaya müraciət edib-etməmək tamamilə valideynlərin ixtiyarındadır”.