Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ldönümü ilə əlaqədar olaraq anım mərasimi keçirilib FOTOLAR

 

Gəncə şəhər Şəhidlər Xiyabanında 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları, şəhərdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai birlik nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.

Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş  hərbçilərin adları əks olunan lövhəni ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra Niyazi Bayramov  "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib, din xadimi şəhidlərin ruhuna dualar oxuyub.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Nizami Gəncəvi və Heydər Əliyev, həmçinin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Əlavə olaraq onu da qeyd edək ki, Gəncədəki Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.

Xatırladaq ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 35 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızlarını dərin ehtiramla yad edir. Rəsmi məlumatlara görə, sovet ordusunun həmin gecə Bakıda törətdiyi qırğın nəticəsində küçələrdə, evlərdə, avtomobillərdə və iş yerlərində 131 nəfər mülki şəxs öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınıb.

Bu qanlı hadisələrindən cəmi 30 il sonra - 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə, həmçinin 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində dövlət suverenliyimizin bərpası  20 Yanvar faciəsinin açdığı yaraya məlhəm oldu. Hazırda Azərbaycanın üçrəngli dövlət bayrağı ölkəmizin bütün ərazilərində azad şəkildə dalğalanır. Bugün xalqımız öz şəhidlərini qalib, bütöv və suveren Azərbaycanın vətəndaşları olaraq yad edir!

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də