İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, habelə həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli idarə edilməsi prioritet istiqamətlərindəndir. Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq həmin torpaqların müəyyən edilməsi, yaşayış məntəqələri salındıqca onların zəruri infrastrukturla (suvarma, meliorasiya, elektrik və s.) təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Prosedurları ilə bağlı bir sıra detalları araşdırıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi ilə bağlı Qaydalar təsdiq edilib.
Qaydalar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb. Sənəd işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı və yaşadığı inzibati ərazi dairələrinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqların birillik və çoxillik əkinlərin aparılması üçün kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə müvəqqəti icarəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir.
Hansı torpaqlar icarəyə veriləcək?
Qaydalara əsasən, torpaqlar işğaldan azad edilmiş kəndlərdə və qəsəbələrdə məskunlaşan və həmin yaşayış məntəqələrində yaşayan sakinlərə icarəyə verilir. Yerquruluşu işləri aparılmaqla əkinə hazır vəziyyətə gətirilmiş, yol-nəqliyyat, su, elektrik infrastrukturu qurulmuş və meliorativ tədbirlər görülmüş torpaqlar icarə obyekti ola bilər. Təbii sərhədlərlə əhatə olunmuş 5 hektardan az olan torpaq sahələri istisna olmaqla, icarəyə veriləcək torpaq sahəsi azı 5 hektar olmalıdır.
Torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bu məqsədlə Nazirlik torpaqların icarəyə verilməsi barədə internet səhifəsində elan verir. Elanda torpaqların icarəyə verilməsi üçün müraciətlərin qəbulunun başlanma və bitmə tarixi, icarəyə verilməsi nəzərdə tutulan torpaqların yerləşdiyi ərazi, torpağın məqsədli təyinatı (əkin və ya çoxillik əkmə), dəmyə və ya suvarılan olması, suvarma kanalından, elektrik xətlərindən və yoldan əraziyə qədər olan məsafə və s. göstərilir. Eyni zamanda icarəyə veriləcək torpaqlarda tətbiq edilməsi zəruri olan müasir suvarma sistemlərinin siyahısı əksini tapır.
KTN torpaqların yerləşdiyi ərazidə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə torpaqların icarəyə verilməsi barədə məlumatların sakinlərə çatdırılması üçün zəruri tədbirlər görəcək.
Hara və necə müraciət edilməlidir?
Sakinlər torpaqları icarəyə götürmək üçün Elektron kənd təsərrüfatı” informasiya sistemi üzərindən elektron kabinetləri vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəklər.
Torpaqların icarəyə verilməsi ilə bağlı sakinlərin müraciətinə onların qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdığı gündən etibarən ən geci 1 ay müddətində baxılır . Müraciətlərə baxılması nəticəsində torpağın icarəyə verilməsi və torpağın icarəyə verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilir.
Bundan sonra sakinin şəxsi kabinetinə bildiriş göndərilir və 20 gün müddətində sakinlər Nazirliklə icarə müqaviləsi bağlamalıdır. Müqavilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanına uyğun olaraq bağlanılır.
Torpaqlar hansı müddətə icarəyə veriləcək?
Qaydalara əsasən, bir torpaq sahəsi üçün iki və ya daha çox sakinin müraciəti əsasında kooperativ yaradılmaqla da icarəyə götürülə bilər. Torpaqlar birillik əkinlər və yonca əkinləri üzrə ilkin olaraq 2 il, çoxillik əkmələr üzrə ilkin olaraq 5 il müddətinə icarəyə verilir. Torpaqların icarə müqaviləsinə uyğun istifadə olunduğu müəyyən edildikdə birillik əkinlər, habelə yonca əkinləri üzrə icarə müddəti 3 il, çoxillik əkmələr üzrə isə 15 il uzadıla bilər. İcarə müqaviləsinin müddəti bitdikdən sonra yeni müqavilə bağlanılarkən həmin icarəçiyə və onun vərəsələrinə üstünlük verilir.
Müqavilə bağlayan sakinlər onlara verilmiş torpaq sahəsini təyinatı üzrə və müasir suvarma sistemləri tətbiq edilməklə istifadə etməlidirlər.
Torpaqların icarəyə götürülməsi üçün müraciət edən sakinlərin torpaqlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində bilik və bacarığının təkmilləşdirilməsi məqsədilə Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən onlara təlimlər keçirilə bilər.
Torpaqların icarəyə verilməsi ilə bağlı Nazirliyin qərarı ilə razı olmayan sakinlər inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.
Torpaqların təyinatı üzrə istifadəsinə nəzarət olunacaq
Sakinlərə icarəyə verilmiş torpaqlardan istifadə edilməsinə və bağlanılmış icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət məqsədilə aşağıdakı üsullarla müşahidələr aparılacaq:
- məsafədən müşahidə – peyk və ya digər texniki vasitələrlə;
- müqayisəli müşahidə – bəyan edilən məlumatların EKTİS-də olan digər məlumatlarla üzləşdirilməsi;
İcarə müqaviləsinə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda xitam verilir.
Həmin torpaqların icarə haqlarına güzəştlər “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən icarə haqqının miqdarına sıfır əmsalı tətbiq edilməklə hesablanması nəzərdə tutulub.
Qərarın qəbulu kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, dayanıqlı məskunlaşmanın təmin edilməsinə və məşğulluğun yaradılmasına imkan yaradacaq.