Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan qazaxıstanlı xilasediciləri TƏLTİF EDƏ BİLƏR

Azərbaycan qazaxıstanlı xilasediciləri TƏLTİF EDƏ BİLƏR

Dekabrın 25-də Qrıznı səmasında vurulan AZAL-a məxsus təyyarə Rusiyadakı heç bir hava limanı tərəfindən qəbul edilməyib və Qazaxıstanın Aktau şəhərindəki aeroporta yönləndirilib. Təəsüüf ki, təyyarəmiz Aktau limanına çata bilməyərək qəza enişi edib. Nəticədə təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u müxtəlif dərəcəli xəsarət alıb.

Qazaxıstanlı xilasedicilər dərhal hadisə yerinə yetişərək, sağ qalan yaralıları, eləcə də həlak olanların nəşini partlayış ərazisindən çıxarıblar. 

Bu barədə Prezident İlham Əliyev AzTV-yə verdiyi müsahibədə də danışıb.

Dövlət başçısı qeyd edib ki, qazax xilasedicilər öz həyatlarını risk altına atmışdılar. Onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və digər hissə də yana bilərdi. Amma buna baxmayaraq, qazaxıstanlı xilasedicilər əsl qəhrəmanlıq göstərdilər.

"Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim", - Azərbaycan Prezidenti deyib.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirən bir qrup ölkə vətəndaşını təltif edib.

Təltif olunanlar arasında Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, tibb işçiləri, polis əməkdaşları, Manqistau Regional Elektrik Şəbəkəsi şirkətinin və Aktau şəhəri Beynəlxalq Hava Limanının işçiləri var.

Maraqlıdır, Azərbaycan da qazaxıstanlı xilasediciləri təltif edə bilərmi?

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanın orden və medalları haqqında qanunu var:

“Həmin qanuna görə, xilasetmə zamanı xüsusi şücaət və qəhrəmanlıq göstərən şəxslərin təltif olunması üçün həm “İgidliyə görə”, həm də “Şücaətə görə” medalı var. “Şücaətə görə” medalı Azərbaycan Ordusunun hərbçilərinə verilir. “İgidliyə görə” medalı isə hər kəsə verilə bilər. Əsasnamədə "yalnız hərbçilərə verilməlidir" deyə qeyd yoxdur. Bir də “Dostluq" ordeni var. Xarici ölkə vətəndaşları öz fəaliyyətləri, qəhrəmanlıq və igidlikləri ilə xalqlar arasında dostluğa, barışa, sülhə xidmət edən uzunmüddətli fəaliyyət göstərirsə, yaxud hansısa müstəsna xidmətləri olursa, təltif edilə bilərlər”.


Qüdrət Həsənquliyev vurğulayıb ki, Qazaxıstanda vəzifə borcunu yerinə yetirən xilasediciləri təltif etməyimiz qanunda öz əksini aydın tapmayıb. Amma belə bir təqdimatla çıxış edilə bilər.

"Yaxud dediyim kimi, xilasetmə işlərində xüsusi fərqlənənləri “Dostluq" ordeni ilə təltif edə bilərik. Onların komandirlərinə, ya da onlardan müstəsna xidmət göstərənlərə oradakı səfirliyimiz, yaxud buradan göndərilən nümayəndəmiz medal və ya ordeni təqdim edə bilər. Prezident bunu məqsədəuyğun hesab edəcəksə, xilasetmə işlərində fəaliyyət göstərənlərin hər birini təltif edə bilər. Yenə də deyirəm ki, “Dostluq" ordeninə qanunvericilik tam icazə verir, “İgidliyə görə” medalına da məhdudiyyət yoxdur”.

Deputat bildirib ki, Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarısinə qazax qardaşların yanaşması həm də bir türk təəssübkeşliyi kimi qiymətləndirilməlidir.

Hətta təyyarənin partlama və bütövlükdə yanma təhlükəsi olsa da, xilasedicilər bütün imkanlarını səfərbər edib qəhrəmanlıq göstəriblər.

Belədə onlara Türk Dövlətləri Təşkilatının (TDT) da xüsusi təltifləri verilə bilər.

Qüdrət Həsənquliyev də bunun mümkün olduğunu vurğulayıb:  “Qazax qardaşlarımız türk qardaşlığının, birliyin möhkəmlənməsinə töhfə verdikləri üçün həmin şəxsləri TDT təltif edə bilər”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də