Parlament sözü fransız dilindəki “parler”dən gəlir və mənası danışmaq deməkdir. Yəni, əslində deputatın əsas vəzifələrindən biri danışmaqdır. Başqa sözlə, deputat öz seçicisinin yanında olmalı, onların problemlərini ictimailəşdirməli, müvafiq instansiyalara çatdırmalı, bu haqda tribunalardan danışmalıdır.
Təəssüf ki, Milli Məclisin deputatları arasında elələri var ki, onlar nəinki seçicilərinin yanındadırlar, heç danışmağa həvəsləri yoxdur. Belə deputatlardan biri 112 saylı Zaqatala seçki dairəsindən mandat əldə etmiş Asif Əsgərovdur.
İcra başçısı kreslosunu parlamentarlığa dəyişən Asif müəllim bu günlərdə Milli Məclisin ən aktiv deputatı kimi diqqət çəkməliydi. Axı Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış təyyarəmizdə ölən və yaralananlar arasında Zaqatala sakinləri də az deyil - 6 nəfər. Onlar həm də 112 saylı Zaqatala seçki dairəsindən olan seçicilərdir. Asif Əsgərov bölgənin deputatı olaraq bu ağır günlərdə təyyarə qəzasında zərərçəkən zaqatalalı ailələrin yanında olmalı, onlara maddi demirik, ən azı mənəvi dəstək verməli, mətbuat səhifələrindən, televiziya ekranlarından düşməməliydi...
Deputat bunu etdimi?.. Bilmirik, ammaöyrənmək istədik... Əməkdaşımız dəfələrlə Asif Əsgərovla əlaqə saxlamağa çalışdı. İstədik ki, ondan təyyarə qəzasına düşən zaqatalalılar barədə məlumat alaq - kimdirlər, nəçidirlər, neçəsi həlak olub, neçəsi yaralanıb, vəziyyətləti neçədir, ailələrinə hansı mənəvi dəstək verilib, bu ağır günlərdə deputat onların durumu ilə maraqlanıbmı?...
Təəssüf ki, Asif müəllim telefon zənglərimizə cavab vermədi. Görünür, hörmətli parlamentar qəzaya düşənlərlə heç maraqlanmayıb, danışmağa sözü yoxdur... Danışmaq istəsəydi, ən azı telefonu açıb soruşardı ki, kimsiniz, nə istəyirsiniz? Düşünərdi ki, bəlkə zəng edən elə qəzada yaralanmış zaqatalalının ailə üzvüdür...
Görünür Asif müəllim bu haqda heç nə düşünmür, hələ də icra başçısı stereotiplərindən xilas ola bilməyib və keçmişdə yaşayır...