"Yeni Klinikaya gətirilən 14 xəstədən 13-ü palata şəraitində müayinə və müşahidə altındadır. Onların vəziyyəti stabildir".
Bu APA-ya Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.
O deyib ki, pasiyentlərin heç biri süni tənəffüs aparatına bağlı deyil.
"Bir xəstəmiz də reanimasiyadadır. Onun müalicəsi davam etdirilir. 3-4 xəstəmizin vəziyyəti orta ağır sayıla bilər, digərləri isə kafi vəziyyətdədir. Əslində xəstələrimizin çox hissəsini 24-48 saatlıq müşahidədən sonra evə yazılacaq şəkildə olacaq. Onların arasında sınıqları və yaraları olan xəstələr var. Digər xəstələrin də müalicəsi davam etdirilir. Ən ağır olan küt bədən travması, baş beyin silkələnməsi və döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz reanimasiya şöbəsindədir. Xəstələrdə yanıq xəsarətləri yoxdur. Bir nəfərdə açıq sümük sınıqları var. O, təkrar müayinə olunacaq. Xəstələrin heç biri süni tənəffüs aparatına bağlı deyil. Reanimasiyada olan xəstənin huşu özündədir, vəziyyəti stabildir. Bütün xəstələrimiz instrumental və laborator müayinədən keçdi. Biz də bu xəstələri öz nəzarətimizdə saxlayacağıq. Onlara lazımi müayinə və müalicə tədbirləri həyata keçirilib", - Eldar Əhmədov qeyd edib.