Xəzəryanı ölkələr Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədli ovuna qoyulan qadağanı 2025-ci ilə qədər uzatdı.
Bu barədə məlumatı Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi yayıb. Qadağanın uzadılması qərarı Xəzər dənizinin su bioloji resurslarının qorunması və səmərəli istifadəsi məqsədilə Həştərxanda keçirilən Xəzər dənizinin su bioloji resurslarının idarə olunması üzrə Komissiyanın 8-ci sessiyasında qəbul edilib. Sessiyada Xəzəryanı ölkələrin, yəni Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak ediblər.
Tərəflər 2025-ci ilə qədər nərə balıqlarının kommersiya məqsədli ovuna tətbiq edilən qadağanın davam etdirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, gələn il üçün nərə balıqlarının kürü və ixracı ilə bağlı kvotaların təyin edilməməsi qərara alınıb. Nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma işləri üçün mümkün olacaq.
Agentlik 2023-cü ildə Rusiya müəssisələrinin Xəzərə 34,5 milyon, Qazaxıstanın 1,9 milyon, Azərbaycanın isə 618,7 min ədəd nərə balığının körpəsini buraxdığını açıqlayıb.
Xəzər dənizinin su bioloji resurslarının qorunmasına dair razılaşma 2014-cü ilin sentyabrında imzalanıb və 2016-cı ilin yazında ratifikasiya olunaraq qüvvəyə minib. Bu razılaşma, komissiyanın qəbul etdiyi qərarların iştirakçı ölkələr üçün məcburi olduğunu bildirir. Komissiyanın ilk sessiyası 2017-ci ildə Bakıda keçirilib.