TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov ötən gün bildirib ki, ölkədəki həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib. O, Azərbaycan regionlarında həkim çatışmazlığı olduğunu bildirib.
Qeyd edək ki, həkimlərin regionlardan Bakıya axışması son illər müzakirə olunan ən aktual mövzulardan biridir.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlar da həkimlərin böyük hissəsinin Bakıda olduğunu sübut edir.
Komitənin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi - 23 minə yaxını Bakıdadır. Paytaxtda həkimlərin ən çox olduğu rayonlar Nəsimi və Yasamaldır.
Sumqayıtda 1458, Abşeronda 417 həkim var. Regionlardan ən çox həkimin olduğu bölgələr Gəncə (1135), Naxçıvan (445), Mingəçevir (392), Lənkəran (336), Şəmkir (324), Şəkidir (305).
Bütün Azərbaycanda əhalinin 10 min nəfərinə düşən həkim sayı 33 olduğu halda Bakıda şəhərində bu rəqəm 97, Nəsimi rayonunda 291-dir.