22 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri – Milli Qəhrəman Şükür Həmidovun anım günüdür.
Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.
Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.
1993-cü Bakı Ali Hərbi Məktəbinə daxil olub. 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.
O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb.
Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.