Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı məsələsini müzakirə edib.
Bu barədə bu gün MSK-nın iclasında məsələ müzakirəyə çıxarılıb.
Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Yaqublunun vəfatı ilə bağlı məlumat seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməlidir.
Seçki Məcəlləsinin tələbinə əsasən, bəzi namizədlər çıxdıqda və ya namizədliyi ləğv edildikdə həmin məlumatlar seçki məntəqələrinin müvafiq lövhəsində yerləşdirilir. Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat da seçki lövhələrində yerləşdiriləcək.
Müzakirələrdən sonra qərar qəbul edilib.