Qarşıdan payız fəsli gəlir və ölkəmizdə küləkli hava şəraiti daha da güclənəcək. Bu cür küləkli havada qurumuş və çox böyük ağaclar aşaraq insanlara və onların mülklərinə ziyan vurma riskləri yaradır.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildirilib, qurum tərəfindən mütəmadi olaraq şəhərdə yol kənarlarında və digər ərazilərdə ağacların vəziyyətinin araşdırılması ilə bağlı monitorinqlər aparılır:
“Yerlərdən daxil olan müraciətlər bu zaman əsas götürülür. Birliyin və ETSN mütəxəssislərinin birgə iştirakı ilə reydlər keçirilir, nazirliyin müvafiq qurumunun verdiyi rəyə əsasən sınmış, qurumuş ağaclar götürülür, budaqları budanır. Götürülən ağacların yerinə payız mövsümündə yeni ağacların əkilməsi nəzərdə tutulub. Həmçinin hazırda mərkəzi rayonlarda (Yasamal, Səbail, Nəsimi, Nərimanov və s.) hər iki qurumun nümayəndələri və DYP-nin əməkdaşları yol kənarlarında işıqfor, yol nişanlarının üzərini örtərək onu görünməz edən ağacların budanmasını həyata keçirirlər”.
Qurumdan onu da bildiriblər ki, hər hansı ərazidə qəzalı və ya qurumuş ağacın götürülməsi və ya budanması üçün vətəndaşlar həmin ərazi üzrə yerli bələdiyyə və ya ərazi nümayəndəliyinə müracət etməlidir:
“Həmin qurumlar ETSN-nə bununla bağlı məktub göndərir. Nazirliyin müvafiq qurumu əraziyə baxış keçirir və mövcud ağacla bağlı müvafiq rəy verirlər. Rəy alındıqdan sonra Yaşıllaşdırma təsərrüfatı Birliyi tərəfindən rəydə qeyd edilənlər icra edilir (ya ağac kəsilir, ya da budanır)”.