Dövlət İmtahan Mərkəzi iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.
Saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü qeydiyyatdan keçib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.