Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur.
Azərbaycanın Britaniyadakı Səfirliyindən verilən məlumata görə, bu sözləri respublikamızın elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Krallığa səfəri çərçivəsində Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə ölkəmizin krallıqdakı səfirliyində keçirdiyi görüşdə deyib.
E.Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı təhsil layihələrindən bəhs edən nazir Şuşada tikilməkdə olan unikal məktəb, eləcə də Xankəndidə tikilməkdə olan Qarabağ Universiteti və bu kontekstdə nəzərdə tutulan layihələrdən söz açıb.
Nazir bildirib ki, Qarabağ Universiteti əslində yeni məfhum deyil və 1969-cu ildən etibarən Xankəndidə mövcud olan pedaqoji universitetin davamıdır. Xankəndi Universitetində riyaziyyat, kompyuter elmləri, təbiətşünaslıq, turizm, musiqi, iqtisadiyyat və biznes, humanitar və digər sahələr olmaqla müxtəlif ixtisaslar açılacaq. Məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat mərkəzi, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.