Müdafiə Nazirliyindən bildirilib ki, yarışın açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, bu cür yarışların keçirilməsində əsas məqsədin hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların müəyyən edilməsi olduğunu qeyd ediblər.
Yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra "Hərbi beşnövçülük" üzrə birinciliyə start verilib. Müxtəlif qoşun növlərini və birləşmələri təmsil edən komandalar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıblar.
Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.