Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prokurorluqdan media subyektlərinə xəbərdarlıq

Prokurorluqdan media subyektlərinə xəbərdarlıq

Baş Prokurorluq 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılmış məlumatlara reaksiya verib. 

 Məlumatı təqdim edirik:

 “Təəssüflə bildiririk ki, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq Mehman Xəlilovun Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə istintaq və məhkəmə baxışının, o cümlədən cinayət prosesi tərəflərinin (təqsirləndirilən və zərərçəkmiş şəxs) şəxsi və ya ailə sirlərini açıqlayan məlumatlar yayılıb.

Belə ki, Mehman Xəlilov qeyd olunan cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hazırda işə müdafiə tərəfinin hökmdən verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

 

Bildirilir ki, məlumatın yayılmaması barədə xəbərdarlıq edilmiş şahid, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh, onların nümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, hal şahidləri, müdafiəçilər və digər şəxslər müvafiq razılıq olmadan bu tələbi pozduqda məsuliyyət daşıyır.

 

Bununla yanaşı, media subyektləri və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma ilə bağlı, eləcə də, ailə və şəxsi həyata dair sirr olan məlumatların, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə informasiyaların yayılmasına yol verilməməlidir.

 

Odur ki, qanunvericiliyin qeyd olunan tələblərinə media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən əməl olunmasını xahiş edirik”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də