Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq bir çox siyasi partiya nümayəndələri, ayrı-ayrı şəxslər namizədliklərini açıqlayıb.
Namizədliyini təqdim edənlərdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat Günay Əfəndiyevadır.
Məlumatı saytımıza açıqlamasında Günay Əfəndiyevanın atası, Azərbaycan baş nazirinin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyev təsdiq edib.
O, qızının 14 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizəd olduğunu bildirib. E.Əfəndiyev qeyd edib ki, Günay Əfəndiyevaya bu gün namizədlik vəsiqəsi təqdim edib.
Elçin Əfəndiyev müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri və eyni zamanda ictimai və dövlət xadimidir. 13 May 1943-cü ildə XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. "İstiqlal" ordenli yazıçı 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışıb.
Bakıda doğulan və uşaqlıqdan mədəniyyət və incəsənət mühitində böyüyən Günay Əfəndiyeva əvvəlcə Bülbül adına Musiqi məktəbini qızıl medalla bitirib. Daha sonra Azərbaycan Tibb İnstitutunun qırmızı diplomlu məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb.
G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.
Daha sonra o diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən Rəsulova Vüsalə Elman qızının namizədliyini irəli sürüb. O, 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinidir.