Dekabrın 7-də Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbiri kimi saxlanılan hərbçilərin azad edilməsi barədə razılıq əldə olundu. Dekabrın 13-də isə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində hərbi qulluqçuların qarşılıqlı şəkildə dəyişdirilməsi prosesi həyata keçirildi.
Nəticədə Azərbaycan Ordusunun Ermənistanda saxlanılan hərbi qulluqçuları - Hüseyn Axundov və Aqşin Bəbirov ölkəmizə təhvil veridli.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Məlum məsələdir ki, hərbçilərimiz əsirlikdə olanda müxtəlif işgəncələr görüb.
Bəs indi onların sağlıq durumu necədir?
Modern.az saytı bununla əlaqədar hərbçilərimizin valideynləri ilə əlaqə saxlayıb.
Hüseyn Axundovun anası Şəlalə Axundova oğlunun sağlıq durumunun yaxşı olduğunu bildirib:
"Maşallah hələ ki Hüseynin sağlamlıq vəziyyəti normaldır. Hökumət özü onun müayinə və müalicəsilə maraqlanır. Müayinələr davam edir. Proses tam yekunlaşdıqdan sonra dəqiq nəsə demək mümükün olacaq".
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova isə oğlunun psixoloji durumunun normal olmadığını söyləyib:
"Oğlumu dövlət qurumları müalicə edəcək. Göndəriblər ki, get, kompüter tomoqrafiyası çəkdir, sənədini gətir. Aqşinin qabırğaları, ayaqları ağrıyır. Ümumiyyətlə, harasına əl vurursa, ağrıyır. KT-dən sonra dəqiq durumunun nə olduğu bilinəcək. Amma halı normal deyil. Sağlamlığı sıfırdır".