Azərbaycanın Xalq rəssamı, məşhur heykəltaraş Natiq Əliyev İtaliyanın məşhur “Della Stella D’İtalia” Ordeni və diplomu ilə təltif olunub.
İtaliyanın Azərbaycandakı səfirliyində ordenin sənətkara təqdimatı mərasimi keçirilib.
"Natiq Əliyev öz əsərləri ilə dünya heykəltaraşlıq sənətinə töhvələr verib. O yaradıcılığında İtaliya heykəltaraşlıq məktəbinin ənənələrindən daim istifadə edib və bununla bizim üçün dəyərlidir”, - İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri bildirib.
İtaliya incəsənət nümunələrindən ilhamlandığını bildirən N.Əliyev hazırda da italyan heykəltaraşları ilə birgə layihələr üzərində çalışdığını deyib.
"Hazırda İtaliyadan olan həmkarımla Verona şəhərinin mərkəzi meydanlarından birində qoyulacaq abidə kompleksi üzərində çalışırıq. Komleksə Şekspir və Nizaminin heykəlləri daxil olacaq. Hər iki sənətkarın yaradıcılığının mərkəzində olan sevgi abidənin əsas ideya mərkəzini təşkil edəcək. Şekspirin heykəlini İtaliya heykəltaraşı, Nizaminin abidəsini isə mən hazırlayacam”, - N.Əliyev bildirib.
N.Əliyevin sözlərinə görə, artıq heykəlin eskizi hazırdır. Onun Veronada qoyulacağı yerlə bağlı şəhər merinin qərarı da var.