Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci, 18.6-cı, 43.3-1-ci, 54.2-ci və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün bu Məcəllənin 18.5-ci və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.