Bu gün ATƏT PA-nın Daimi Komitəsinin online iclası keçirilib. İclasda ATƏT PA-ya üzv olan dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, Büro üzvləri və ATƏT PA-nın xüsusi üzvləri iştirak edib.
Görüşdə ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış (https://www.youtube.com/watch?v=j3EaPCLbx_w&feature=youtu.be) edib.
Çıxışına “Mən, bu gün ATƏT PA-nın Daimi Komitəsində ATƏT-in ərazisindəki ən qanlı münaqişələrdən birinə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu bildirməkdən sevinc və şərəf duyuram” sözləri ilə başlayan Azay Quliyev məlumat verib ki, sentyabrın 27-də Ermənistan Respublikası Azərbaycanın münaqişə bölgəsindən çox uzaqda, mülki əhalinin sıx yaşadığı şəhər və kəndləri hədəf alaraq ölkəmizə qarşı yeni təcavüz dalğasına başlayıb.
“27 sentyabrdan etibarən Ermənistanın Azərbaycanın yaşayış məntəqlərini artilleriya və raket hücumları nəticəsində 93 dinc sakin öldürülüb, 407 nəfər yaralanıb. Ermənistan ATƏT-in ilk üzv ölkəsi oldu ki, günahsız mülki insanları kütləvi şəkildə öldürmək üçün başqa bir ATƏT üzv dövləti olan Azərbaycana qarşı qadağan olunmuş kassetli bombalar, SCUD raketləri və ağ fosfordan istifadə edib. Bunlar, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi açıq-aşkar hərbi cinayətlərdir və o, bu cür qeyri-insani əməllərə görə məsuliyyət daşımalıdır” - deyən ATƏT PA-nın vitse-prezidenti həmkarlarının diqətinə çatdırıb ki, bu cür vəhşi hücumlara cavab olaraq Azərbaycan erməni işğalçı qüvvələrinin tam süqutu ilə nəticələnən əks-hücum və cavab tədbirlərinə start verib: “Hərbi əməliyyatların 44 günlük aktiv fazası ərzində şanlı Azərbaycan ordusu 5 böyük şəhəri, 4 qəsəbəni və 300-ə yaxın kəndi Ermənistan Respublikasının işğalından azad etdi.
Böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağın incisi və dünyadakı hər bir azərbaycanlı üçün müqəddəs yer olan Şuşa şəhəri azad edilmiş şəhərlər sırasındadır.
Döyüş meydanında ağır məğlubiyyətə uğradıqdan sonra, Ermənistan sülh sənədini imzalamaq və tam kapitulyasiyasını rəsmən etiraf etmək məcburiyyətində qaldı.
Tarixi ədalət və beynəlxalq hüququn triumfu olan sözügedən sənədi 9 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Bu razılaşmaya görə, Ermənistan işğalçı qüvvələrini qeyd-şərtsiz şəkildə qalan daha 3 rayondan da çıxarır: 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam və 1 dekabr 2020-ci ildə isə Laçından. Bütün Dağlıq Qarabağ bölgəsi heç bir status verilmədən Azərbaycan Respublikanın ayrılmaz hissəsi olaraq qalır.
Bununla, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir.
Azərbaycan xalqı Ermənistan Respublikasının 30 ildir ki ərazilərimizin 20 faizində davam edən işğalının bitdiyindən, Dağlıq Qarabağın və ətrafdakı yeddi bölgənin qanuni sahibinə qaytarılmasından, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bərpa olunduğundan çox xoşbəxtdir. Bu, Azərbaycan xalqının, dövlətinin və Ordusunun tarixi və nümunəvi nailiyyəti və böyük qələbəsidir”.
Daha sonra azərbaycanlı millət vəkili Avropalı həmkarlarının diqqətinə çatdırıb ki, imzalanan sənədin humanitar aspektləri də böyük əhəmiyyətə malikdir: “Razılaşmanın 7-ci bəndinə görə, bir milyona yaxın azərbaycanlı məcburi köçkün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdacaq.
Bütün məcburi köçkünlər və qaçqınlar geri qayıtdıqdan sonra, ermənilər və azərbaycanlılar Azərbaycan Konstitusiyasının qanuni qüvvəsi altında Dağlıq Qarabağda ləyaqətli və təhlükəsiz şəraitdə birgə yaşayacaqlar. Azərbaycan Respublikasının bütün digər vətəndaşları kimi ermənilər də eyni hüquq və imkanlardan bəhrələnə biləcəklər.
Bundan başqa, Ermənistan və Azərbaycan arasında hərbi əsirlər, girovlar və digər saxlanılmış şəxslər və cəsədlər də mübadilə ediləcək. Həmçinin, nəzərinizə çatdırıram ki, Ermənistanla Azərbaycan arasındakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması gözlənilir. Sazişin icrasına nəzarətin effektivliyini artırmaq üçün Rusiya və Türkiyə təmsilçilərindən ibarət sülhməramlı mərkəz yaradılır”.
Azay Quliyev bildirib ki, bu razılaşma və tarixi ədalətin bərpası istiqamətində uzun bir yol qət edilib.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, ermənilərin və azərbaycanlıların birgə yaşamasının, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı inam və anlaşmanın təmin edilməsi hər birimiz üçün prioritet vəzifələrdən olacaq: “İnanıram ki, xalqlarımızın mənafeyi naminə bölgəmizdə davamlı sülh, sabitlik və firavanlığı təmin etmək üçün əlimizdən gələni etməliyik!”