Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Televizorda prezidentin üzündən öpüb dedim ki...” - Şəhid əsgərimizin anası...






“İşdə gördüm ki, boğuluram, gözümdən yaş gəlir. İş yoldaşıma dedim ki, elə bil nəsə olub, qoy mən evə gedib”

Bunu şəhid Əli Vaqif oğlu Heydərovun anası Gülbəniz xanım bizimlə söhbəti zamanı deyir. Dünən Əlinin qırx mərasimi idi və biz də şəhidimizin ailəsinə baş çəkmək üçün yaşadığı Pirşağı qəsəbəsindəki evinə yollandıq.

Beləliklə,  həmin yazını təqdim edirik:

Məclisdə artıq hamı şəhidimizin ailəsinə başsağlığı verib onlarla sağollaşırdı. Bizi şəhidimizin yaxınları qarşılayıb evə dəvət edəndə şəhidimizin anası Gülbəniz xanım bizi Əlinin indi şəkillər və xonçalarla bəzədilən otağına dəvət etdi. Otaqda Əlinin böyüdülmüş şəkili divara vurulub. Masanın üstündə şəkilləri və xonçası var. Anası Gülbəniz xanım deyir ki, Əlinin yatdığı otağı onun əşyaları ilə bəzəyəcək:

- Əli bu otaqda yatırdı. Burda çarpayısı, kompüteri var idi. İndi onları da bura qoyacam və bu otağı tam başqa cür bəzəyəcəm.

Şəhidimizin atası Vaqif bəy gəlib-gedənlərlə görüşdüyü üçün ilk olaraq ürək sözlərini deyib getmək istəyir və elə ona görə də söhbətimizə ondan başlayırıq:

- Əli bizim ikinci övladımızdır. Bir qız və bir oğlum var, Əli evin tək oğlu idi və o, da şəhid oldu. Əli apreldə əsgəri xidmətə çağırılsa da, geri qaytardılar və mayın 7-də əsgər yola düşdü. Beyləqanda xidmət edirdi və artıq 6 ay idi ki, xidmətini davam etdirirdi. Telefonla danışırdıq, amma yanına getməyə qoymurdu.

Şəhidimizin atası bunları deyib otaqdan gedir və anası Gülbəniz xanımla söhbətimizə davam edirik:

- Əli orta məktəbi bitirdikdən sonra Rusiyaya əmisinin yanına getdi. Bir müddət orda qaldıqdan sonra əsgər getmək üçün vətənə qayıtdı. Əsgəri xidmətini başa vurandan sonra oxuyub polis olmaq istəyirdi, amma qismət olmadı. Sonuncu dəfə onunla 24 sentyabrda danışdıq və hər şeyin yaxşı olduğunu bildirdi. Daha sonra Əliylə danışa bilmədik. Sentyabrın 29-da Əlinin komandiri ilə danışdıq və o, Əlinin yanında olmadığını və sabah gedib onu bizlə danışdıracağını bildirdi. Amma sən demə Əli şəhid olubmuş, bunu komandiri də bilib və bizə demək istəməyib.

Şəhidimizin ailəsi Naxşıvanın Sədərək rayonundandır. Onlar 1994-cü ildə Bakıya gəliblər. Əli Naxçıvanda doğulsa da, Bakıda böyüyüb boya-başa çatıb. Şəhidimizin anası söhbətinə davam edir:

- Oktyabrın 3-ü axşamı televizorda gördüm ki, cənab prezident əyilib bayrağı öpür, qəfildən özümdən asılı olmayaraq mən də diz çöküb televizordan prezidentin üzündən öpdüm və dedim ki, cənab prezident, çox sağ olun ki, torpaqlarımızı azad edirsiniz. Həmin axşam gördüm ki, yoldaşım evə gəlməyib və mən də gecə növbəsinə işə gedirdim. Zəng vurdum dedi ki, mən gəlməyəcəm. İşə gedəndən sonra özümü pis hiss etməyə başladım, boğulurdum. “İşdə gördüm ki, boğuluram, gözümdən yaş gəlir. İş yoldaşıma dedim ki, elə bil nəsə olub, qoy mən evə gedib. Yoldaşıma yenə zəng vurdum və dedi ki, mən Füzulidəyəm. Dedim ki, orda nə edirsən? Dedi ki, Əli yaralanıb Bakıya gətiririk. Orda özümdən getdim və daha sonra məni evə gətirdilər. Evdən də xəstəxanaya getmək istəyirdim qohumlar məni aldatdılar və bir də gördüm ki, Əlinin tabutunu gətirdilər. (Ağlayır)

Söhbətimizə şəhidimizin əmisi Tahir İsmayılov qoşulur və Əlini cəsur bir uşaq kimi tanıdığını deyir:

- Əli cəsur, qorxmaz bir uşaq idi. Arzuları var idi, amma qismət olmadı. Amma ən böyük arzularından biri də şəhid olmaq idi. Bunu əsgər gedəndə anasına da demişdi. Əli torpaqlarımız uğrunda bütün şəhidlərimiz kimi qəhrəmancasına şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Şəhidimizin bacısı Türkan xanım ağlayır, qardaşına nəsə olacağını əvvəlcədən hiss etdiyini deyir:

- Əli əsgər gedəndə mənimlə görüşüb ayrılanda dedi ki, “şəhid olsam, anama denən ağlamasın. Bu mənim arzumdur”. Mən ona nəsə olacağını hiss edirdim və ona görə də əsgər getməsini istəmirdim.  (Ağlayır)

Əlinin balaca dostu var, adı Turxandır. Qonşu uşağı olan Turxan Əli şəhid olan gündən indiyə kimi ağlayır, onu Əlinin qəbirindən güclə ayırıb evə gətirirlər.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də