Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bir gecənin sirri...






Paşinyan Qarabağla bağlı üçtərəfli müqaviləni gizləndiyi bunkerdə imzaladıqdan sonra, nəhayət ki, üzə çıxdı. Və xalqa müraciətində qeyd etdi ki, əgər müqavılə bir neçə saat da geciksəydi, həm Xankəndi əldən gedəcəkdi, həm də Ermənistanın iyirmi beş minlik əsgər və zabit heyəti mühasirəyə düşüb məhv olacaqdı. Qeyd etdi ki, ordu rəhbərliyi ona təslim olmağın vaxtı çatdığını bildirdiyi üçün o, bu addımı atmağa məcbur olub. Yəni, Paşinyan dolayısı ilə etiraf etdi ki, onu diz çökməyə məcbur edən Azərbaycan əskəri olub, yoxsa, xoşluqla bu sənədə imza atmazdı.

Azərbaycan Ali Baş komandanı cənab İlham Əliyev canlı itkilərimiz az olsun deyə və eyni zamanda onun Ermənistan və digər dövlətlər qarşısında qoyduğu tələblər müqavilədə öz əksini tapdığına görə, bu müqaviləni imzalamağa razı oldu. Bəs xalqımızı bu məsələdə narahat edən nədir? Əlbəttə ki, rus hərbiçilərinin yenidən Azərbaycan torpağına ayaq açması. Və bu, haqlı bir əndişədir. Çünki Azərbaycan xalqının və dövlətinin başına gələn bütün müsibətlər bu və ya digər formada Rusiya rəhbərliyi ilə (xalqı ilə yox) bağlıdır. Düşüncələrimizin doğruluğu özünü çox gözlətmədi. Abır-həya bilməyən Rusiyanın xarici işlər naziri Serqey Lavrov televiziya vasitəsilə Qarabağ ermənilərinə müraciət edərək, onların hamısını əvvəlki yaşayış yerlərinə qayıtmağa səslədi. Gəncə, Tərtər, Bərdə, Ağcabədi və digər yaşayış məntəqələrimizdə dinc əhalini qətlə yetirən, Xocalı soyqirimini törədən əliqanlı ermənilər qorxmasın deyə, Türkiyə sülhməramlılarına Qarabağda yer olmadığını, oranın məhz rus hərbçiləri tərəfindən mühafizə olunacağını bəyan etdi. Bununla kifayətlənməyib, YUNESKO nümayəndələrini Qarabağa dəvət edəcəyini də diqqətə çatdırdı. Deyirəm, nə qədər həyasız adam olmalısan ki, adından, yaşından, tutduğun vəzifədən utanmayıb, sənə aid olmayan məsələlər haqqında bu cür məsuliyyətsiz, sərsəm bəyanatlarla çıxış etməyi bacara biləsən. Bunlar hələ Qarabağda çadırlarını qurmamış, özlərini elə aparırlar ki, sanki Azərbaycanın sahibi bunlardır. Mən təsəvvür edə bilmirəm ki, bu cür tərbiyəsiz və məsuliyyətsiz xarici işlər nazirinə başqa bir ölkədə də rast gəlinsin. Fikrimcə, Rusiyanı dünya miqyasında nüfuzdan salan da məhz bu cür yaramaz dövlət məmurlarıdir. Mən şəxsən bu qənaətdəyəm ki, Lavrov kimilər Rusiya rəhbərliyindən rədd olub getməyincə bizim müstəqilliyimiz daim şübhə altında olacaq. Demək istədiyim odur ki, ermənilərdən qurtardıq, görək, Lavrov kimilərdən də qurtara biləcəyikmi?! Bu anda 10 noyabr müqaviləsinin niyə məhz gecə saatlarında bağlanmasının sirri tam aydınlaşmış olur. Putin Paşinyanın imzasını sonraya saxlamaqla bu razılaşmanı ikitərəfli qaydada Azərbaycan rəhbərliyi ilə tezbazar həyata keçirməklə həm Xankəndinin təslim olmasının qarşısını aldı, həm də sülhməramlılar adı altında rus hərbçilərinin Qarabağda yerləşdirilməsinə naıl oldu. Və bununla həm Ermənistanı, həm də Azərbaycanı öz tsiri altında saxlaya bildi. Əlbəttə, siyasət reallığa uyğun hərəkət etməyi tələb edir. Bu müharibədə qazandıqlarımız kifayət qədər çoxdur. Buna baxmayaraq, rusiyanın özünü bizim vətənimizdə bu cür namərd aparması heç xoşuma gəlmir. Mən istəməzdim ki, beş ildən sonra rus hərbçilərinin ölkəmizdən çıxarılması bizə yeni qurbanlar bahasına başa gəlsin.

Dövlət başçımız və bütün rəhbər işçilər, müharibə dövründə olduğu kimi, yenə də öz mövqelərində qətiyyətli olmalıdırlar. Qarabağın ermənilər yaşayan ərazilərində idarəçiliyi başqa dövlətə həvalə etmək olmaz! Azərbaycan qanunları ölkəmizin hər yerində bərqərar olmalı, Qarbağın rəhbər vəzifələrində işləyəcək məmurlatın təyinatı Bakıdan verilməlidir. Ermənistanla Gömrük və sərhəd-keçid məntəqələrinə xüsusi diqqət yetirilməlidir. Qarabağda yaşayan ermənilərin evlərinin davamlı olaraq yoxlanılması qanunla tənzimlənməlidir ki, onlar silahlanıb bir daha yeni dövlət qurmaq eşqinə düşməsinlər. Ruslarla birlikdə Türk əsgərlərinin Qarabağda yerləşməsinə nail olmaq lazımdır. Əks tədqirdə şəhidlərimizin ruhu bizi bağışlamaz.

Aləm Kəngərli,
Yazıçı, ehtiyatda olan zabit

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də