Bildiyimiz kimi, Qarabağ məsələsində Azərbaycanın əldə etdiyi tarixi uğur fonunda əsir və girovların dəyişdirilməsi və azad olunması məsələsi gündəmə gəlib.
İllərdir düşmən əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vətənə geri dönməsi ümidi də bundan sonra daha da güclənib.
Baku TV-yə açıqlama verən Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərov da atasına qovuşmaq ümidindədir:
“Kəlbəcərə qovuşdum, inşallah, atama da qovuşacam”.
Onun sözlərinə görə, Dilqəm Əsgərov Şuşa şəhərinin işğaldan azad olunmasından öncə Ermənistan ərazisinə aparılıb.
Həsrətlə atasının azadlığa qovuşacağı günü gözləyən K.Əsgərov bildirib ki, Dilqəm Əsgərovdan ailəsinə sonuncu dəfə hərbi əməliyyatlar başlamazdan üç gün əvvəl, yəni sentyabr ayının 24-də məktub gəlib:
“Məktubunda hər kəsə salam söyləyib. Yazıb ki, narahat olmayın”.
K.Əsgərov vurğulayıb ki, qələbədən sonra atasının əsirlikdən azad olunmasına olan ümidi daha da artıb.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb.