Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bu, böyük strateji əhəmiyyət daşıyan, tarixi uğurdur"






“Ali Baş Komandanımız, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin şərtlərini  Ermənistanın Baş naziri Nikol Paşinyanın  çarəsizlikdən, məcburən qəbul edib, məlum sənədi miskin halda imzalaması rüsvayçı təslim aktıdır. Bu gün Ermənistanın Baş naziri və bütün Ermənistan rəhbərliyi döyüş meydanında zəfərlər qazanan qalib Ali Baş Komandanımız İlham Əliyevin çəkmələrinin altındadır. Ermənistan  və onun işğalçı ordusu  dövlətimizin və Ali Baş Komandanımızın qarısında diz çöküb. Qalib Azərbaycan dövləti artıq masada, diplomatik-siyasi sahədə də hökm edən rolundadır.

Bu gün artıq 1988-ci ildən bəri başlayan “miatsum” və qondarma qurumun tanınması tələbləri tarixin zibilliyinə atılıb. “Yenilməz” Ermənistan ordusu mifi dağıdılıb, dünya erməniliyinə indiyə qədər görülməyən öldürücü zərbə endirilib, Ermənistanda dövlət idarəçiliyinin puçluğu, səmərəsizliyi, iqtisadiyyatın, hərb sistemin çürüklüyü təsdiq olunub. Ermənistan ağır siyasi, iqtisadi, mənəvi-psixoloji  böhran girdabı, vətəndaş müharibəsi və xaos içindədir. Artıq parlamentin binası, Baş nazirin kabineti dağıdılıb. Bu, onu göstərir ki, Ermənistan adlı dövlətinin gələcəyi yoxdur.

Müharibədə dövlətimiz bütün sahələrdə - ordumuzun  qüdrətini,  iqtisadiyyatımızın gücünü, dövlət sistemimizin səmərəliliyini, millətimizin vətənpərvərlik ruhunun yüksəkliyini və yenilməz iradəsini təsdiq etdi. Cənab Prezidentimiz mümkün olmayanları mümkün etməklə millətimizin üstündəki ləkəni sildi, əyilmiş qamətini düzəltdi, papağını başına qoydu, onu məğlub millətdən qalib millətə çevirdi. 

Sənədə əsasən işğal altında olan  Ağdam, Kəlbəcər və Laçından işğalçı qüvvələr verilmiş cədvələ uyğun olaraq çıxarılacaq. Heç şübhəsiz, təcavüzkar Ermənistanın qoşunlarını çıxarmasına dair öhdəlik götürməsi onun işğalçı  dövlət olduğunu qəbul etməsi deməkdir.  Deməli, bunun ardınca   işğalçı ölkənin Azərbaycana vurduğu ziyanlara görə təzminat ödəməsi gəlir. Ermənistan təzminatı ödəmək gücündə olmadığından, ərazisindəki fabrik və zavodlar isə başqa bir ölkənin mülkiyyəti olduğundan Azərbaycan dövlətinə vurduğu ziyanı  ərazisi ilə ödəməlidir.  

Ən əhəmiyyətli məsələlərdən biri  Naxçıvanla quru əlaqəsinin yaradılması barədə öhdəliyin götürülməsidir. Bu,  böyük strateji əhəmiyyət daşıyan, tarixi uğurdur. 

Millətimizin və dövlətimizin gözəl gələcəyi vardır. Tarixi qələbə münasibətilə bütün xalqımızı təbrik edirəm.”. 

Musa Qasımlı, millət vəkili, 
AMEA-nın müxbir üzvü


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də