Qarabağ savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də Xüsusi Təyinatlı Bölüyümüzün kapitanı Rəşad Arif oğlu Abdullayevdir.
Moderator.az-ın əməkdaşı şəhidimizin Cəlilabad Göytəpə qəsəbəsində yerləşən evində qonaq olub və ailəsiylə görüşüb. Beləliklə, həmin yazını təqdim edirik:
Bizi şəhidimizin atası Arif, anası Sevil xanım və yaxınları qarşıladı. Elə söhbətimizə ilk olaraq şəhidimizin atasıyla başladıq:
- Rəşad üç bacının bir qardaşı idi, 1988-ci il sentyabrın 14-də anada olmuşdu. Tək oğlan olsa da mən onun fikirlərinə həmişə hörmətlə yanaşırdım. Hərbçi yolunu da özü seçdi. Rəşadın babası, yəni mənim atam İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Rəşad həmişə babasının medallarını sinəsinə vurub şəkil çəkdirirdi. Ondan sonra da hərbçi olmaq qərarına gəldi. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil oldu. Üç illik təhsildən sonra isə Heydər Əliyev adına Akademiyaya daxil oldu. Təhsilini başa vurduqdan sonra isə Tərtər şəhərində işə başladı.
Söhbətimizə şəhidimizin anası Sevil xanım qoşulur və deyir ki, Rəşad həmişə onlardan işini gizlədib:
-Rəşadın hərbçi olmasını heç istəmirdim, deyirdim ki, ya həkim, ya da müəllim ol, amma istəmədi. Rəşad işiylə bağlı evdə heç nə danışmırdı. 2012-ci ildə Xüsusi Təyinatlıların kursuna gedəndə də məni aldatdı, dedi ki, Türkiyəyə gedirəm. Sən demə 6 ay o kursda olub. (Ağlayır) Rəşad aprel döyüşlərində də iştirak edib və hətta 4 gün mühasirədə qalıblar. Daha sonra isə düşmənin mühasirəsini yararaq mühasirədən çıxıblar. Aprel döyüşlərinə görə ölkə başçısı onu medalla təltif edib. Bu dəfə döyüşə gedəndə də məni aldatdı, əmisinin yas mərasimi idi, Rəşad da gəlmişdi. Daha sonra mənə dedi ki, “Ana mən qayıdıram, qızım məktəbə gedəcək”. Kürəkənim də hərbçi olduğu üçün müharibədən xəbərim var idi, bildim ki, döyüşə gedir.
Şəhidimizin anası deyir ki, Rəşadın şəhid olmasını yuxuda görüb:
- Yatıb yuxuda gördüm ki, yolumun üstündə hərbi formada bir ilan dayanıb. Daha sonra isə gördüm ki, dişim çıxıb, amma sallanır. Sən demə Rəşad yaralıymış. (Ağlayır) Döyüşçü yoldaşlarıyla söhbət etdik, dedilər ki, Rəşad sentyabrın 29-da yaralanıb. Döyüş bölgəsində ilkin tibbi yardım göstərilsə də, ordan çıxara bilməyiblər və daha sonra dünyasını dəyişib. Rəşadı oktyabrın 2-də gətirdilər və böyük izdihamla dəfn etdik.
- Söhbətimizə şəhidimizin həyat yoldaşı Gülnar xanım qoşulur:
- Rəşad Xüsusi Təyinatlıların bölük komandiri, hərbi hissənin qərargah rəisi idi. Aprel döyüşlərində də yaralanmışdı, amma bizdən gizlədirdi. 2016-cı il aprel döyüşlərində Talış kəndində xüsusi qəhrəmanlıq göstərib. Bu dəfə müharibəyə gedəndə uşaqlara kabab aldı, dedi ki, “bir neçə gün evdə olmayacam”. Uşaqları qucaqlayıb öpürdü, sanki nəsə hiss etmişdi. 2017-ci ildə Türkiyədə Rəşadgilin Xüsusi Təyinatlı Dəstəsi birinci yeri tutmuşdu. Oğlumuz Məmmədağa atasını soruşur deyir ki, nə vaxt gələcək? Qızım Ruqəyya isə əvvəl soruşurdu, indi isə atasından danışanda susur”.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.