Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yalana əsaslanan informasiya siyasəti: Polkovnik təxribatçıları faktlarla ifşa etdi!



Keçmiş Sovet İttifaqı respublikalarının çoxunda olduğu kimi, Azərbaycanda da Rusiyanın əsas televiziya və radio kanalları sərbəst yayımlanır. MDB ölkələrinin əhalisi ənənəvi olaraq Moskvanı dinləmək və izləmək istəyir, bunu əlavə informasiya mənbəyi hesab edir. Lakin demək olar bu ölkələrin hər birində Moskvanın siyasi xəbərlərin nəinki birtərəfli işıqlandırılmasına, həm də bəzən yalan informasiyanın yayılmasına xas olan bəzi siyasi proqramlarına və onların aparıcılarına mənfi münasibət formalaşıb. Elə təsəvvür yaranır ki, Rusiyanın mərkəzi kanallarının aparıcıları bilərəkdən kütləni ələ salmaq metodikasından istifadə edirlər.

 

Moderator.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

 

O, həmçinin əlavə edib ki, kütləvi informasiya vasitələrinin vəzifəsi həqiqətdə baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. C.Xəlilov deyib:

 

“Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz ki, hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Əgər aparıcısı təbliğatçı V.R.Solovyev olan proqramların kontekstinə baxsaq, həmin proqramlar bəzi hallarda Rusiyanın özünə qarşı yönəlib və onun hökumətinin ən yaxın qonşularına münasibətdə siyasətini hörmətdən salır. Proqramın belə adlandırılan daimi ekspertləri, - bir qayda olaraq, ya ermənipərəst insanlar, ya da erməni millətindən olan şəxslər, - Vladimir Solovyovun ardınca hər cür uydurmaları təkrarlayır, Ukrayna və Türkiyəni Rusiyanın əsas düşmənləri kimi təqdim edirlər. İndi isə onlar Azərbaycanı hədəf götürüblər. Onu da demək lazımdır ki, Solovyovun verilişləri Rusiyanın Ukrayna ilə əlaqələrinin gərginləşməsində az rol oynamayıb. İndi isə Türkiyə və Azərbaycan xalqlarını Rusiyadan üz çevirmək üçün ümidsiz cəhdlərə əl atılır. Məsələn, başabəla-ekspert Semyon Baqdasarovun ermənilərə Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə raket zərbəsi endirməyi, Vitali Tretyakovun isə suveren dövlətin ərazisinə desant yerləşdirilməsini məsləhət görməsi, yaxud da elə Solovyovun özünün guya Azərbaycan ərazilərində olan terrorçulara preventiv raket zərbəsi endirmək kimi sərsəm ideyası nələrdən xəbər verir! Bu proqramlarda Azərbaycan vətəndaşları olan talışların və ləzgilərin ünvanına millətlərarası ədavət toxumu səpən, onları Ermənistanın işğal etdiyi ərazilərin azad olunması uğrunda gedən Vətən müharibəsində iştirakdan imtina etməyə səsləyən çağırışlar eşidilir.

 

Bütün bu hərəkətlər və mühakimələr Azərbaycan cəmiyyətinin haqlı qəzəbinə və Rusiya hökumətinin əsl niyyətinə şübhə yaranmasına səbəb olur.

 

Biz Rusiyanın hakimiyyət orqanlarını millətlərarası ədavətin qızışdırılmasına yönələn, dost Azərbaycan və Rusiya xalqları arasında inamsızlıq toxumu səpən hərəkətlərin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağırırıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də