Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əsgərə məktub






Salam əsgər!

Sən bu gün bir millətin, dövlətin tarixini yazırsan. Şərəf tarixini.
Sən son 100 ilin qalibisən. Torpaq sənin qələbənlə vətən olur. Yurd yurd olur.
Bizim əvəzimizdən, xəcalətdən özünə qapanmış, cadar-cadar olan torpaq sənin zəfərinlə dirçələcək. Özünə gələcək. Oyanıb sənə “Axır ki, gəldin” deyib, salamını alacaq. Salam verəcək. 
Sən şanlı, qalib ordunun əsgərisən. Millətə, dövlətə Qələbə sevincini bəxş edənsən. Sən millətin qürurunu özünə qaytardın. Sənin sayəndə başımızı dik tutub gəzə bildik. Mənim əziz əsgərim!

Sən haqq yolundasan. Sən ədaləti bərpa edənsən. Başqa ölkənin torpağını zəbt etmirsən. Kimsənin torpağında gözün yoxdur. Öz torpağını işğalçıdan azad edirsən. Öz torpağını qoruyursan. 
Var ol, döyüş, əziz əsgər. 

Hamının gözü indi səndədir. Atan, anan bacın, kiçik qardaşın sənə arxalanır. Millət, dövlət sənə güvənir. Sənə etibar edir. 
Sən vətənin qoruyucususan. Sən güclüsən, rəşadətlisən. 
Sən düşmənə kim olduğunu döyüş meydanı göstərdin.
Əzminlə, mübarizliyinlə istənilən yeri ala biləcəyindən qorxan düşmən geri çəkilir. 
Sən nə qədər güclü olacaqsansa, düşmən səninlə o qədər hesablaşmalı olacaqlar.
Bilirəm ki, sən silahsıza, dinc əhaliyə güllə atmazsan, çünki sən Azərbaycan əsgərisən. 

Döyüşdə ağrı da olur, acı da, ölüm də. Bu səni sarsıtmasın. Səni daha mətin, daha mübariz etsin. Torpaq qanla yoğrulanda Vətənə çevrilir. 

Hisslərinizi, istəklərinizi yaxşı başa düşürəm. Aranızda yəqin ki, mənim əsgərlərimin övladları da var. Sizi ona görə iki qat sevirəm.
Yaşadığın bu günlər həyatının ən yadda qalan günləri olacaq. 
Müqəddəsləşən vətəni daha böyük sevgiylə sevəcəksən. İnsan qoruduğunu, qoruduqlarını daha çox sevir. Elə qoruduqların da ona olan sevgisi eyni olur. 

Əsgərimizə hələ bu qədər sevgi, inam olmamışdı. O sevgini döyüşünlə, qələbələrinlə qazandın. Səni balamız kimi sevdik. Hamımızın doğmasına çevrildin. Ölkənin sevimlisi olmaq böyük xoşbəxtlikdir. Bu da tale işidir.

Hər dəfə alınmış yerlərə Azərbaycan Bayrağını sancanda xalqın üzündəki sevinci, yəqin təsəvvür edirsən. Bu xalq o sancılan bayraqlarla özünə gəlir. Qələbənin sevincinin necə şirin olduğunu duyur. Sənə bir ağızdan VAR Ol, AFƏRIN, mənim igid balam! –deyir. 
Sən qalibsən. Sən milləti məğlub vətəndaş adından xilas etdin. Yaşamaq həvəsi verdin.

Qələbə sevinciylə evinə, ailənə sağ-salamat qayıt. Sən bu dövlətə hələ çox lazımsan. Bu vətən, bu dövlət sənin sayəndə inkişaf edib çiçəklənəcək. Sənin döyüş əzmin, mübarizliyin gələcək nəsillərə nümunə olacaq. Dərsliklərə salınacaq. Sənin qəhrəmanlığından əsərlər yazılacaq, nəğmələr qoşulacaq. Sən artıq bir ailənin, bir elin yox, xalqın sevimlisisən, xalqın qəhrəmanısan. 

Var ol, mənim igid balam!
Zəfərin mübarək, Azərbaycan əsgəri! 

Rəfail Tağızadə, şair

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də