Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Yaşıl aptek” adlandırılan Kəlbəcər -İşğaldan azad olunduqdan sonra yenidən necə qurulacaq?






Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şanlı ordumuz cəbhədə irəlilədikcə, insanların işğaldan azad edilmiş torpaqlara qayıtmaq arzusu daha da artır. 

Kəlbəcərin füsunkar gözəlliyi…

 

Milli Məclisdə Kəlbəcəri təmsil edən deputat, Kəlbəcər rayon İcra Hakimiyyətinin sabiq başçısı Aqil Məmmədov da dədə-baba yurduna qayıdacağı günü həsrətlə gözləyir:


“Kəlbəcər Azərbaycanın dilbər guşələrindən biridir. Həm ərazisinə, həm təbiətinə, həm iqliminə görə əlçatmaz gözəlliyə malik bölgədir. Sovetlər dövründə 1936 kvadrat kilometr əraziyə malik idi. Emənistanla sərhədinin uzunluğu 136 kilometr, Dağlıq Qarabağla sərhədlərinin uzunluğu 96 kilometrdir. Bakı-Kəlbəcər arasındakı məsafə 445 kilometr təşkil edir. 40 min hektara yaxın zəngin meşələrə malik idi. Kəlbəcər yeraltı, yerüstü sərvətlərlə zəngin olan bölgədir. Sovetlər dövründən ta bugünədək erməni işğalında qalan Kəlbəcərin Zod mədəni işğala məruz qalmışdı. Eyni zamanda, SSRİ dövründə  dünyada məşhur olan “İstisu”yuna görə Kəlbəcər ən gözəl yerlərdən sayılırdı. SSRİ-yə daxil olan ölkələrdən ora çox sayda turistlər gəlirdi. Həm “İstisu”dan şəfa tapırdılar, həm də istirahət edirdilər. Eyni zamanda, Kəlbəcərə gözəllik verən Tərtər çayı idi. Tərtər çayı öz mənsəbini çox hündür dağlardan götürür. Oradan Kür çayına, daha sonra Xəzər dənizinə qovuşur. Çox təəssüflər olsun ki, işğaldan sonra ermənilər çayın qarşısını kəsərək, başqa səmtə yönəltmişdilər, həmin vaxt biz sudan istifadə edə bilmirdik. Suqovuşan azad edildiyinə görə artıq Tərtər çayının suyundan istifadə edə bilirik”.


 İşğal, qarət - erməni xislətinin hər üzünü görən Kəlbəcər



Əhalinin məşğuliyyətilə bağlı danışan deputatın sözlərinə görə, Kəlbəcər rayonu əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşmışdı:


“Rayonun 100 min hektardan çox əkin sahəsi vardı, eyni zamanda, örüş-otlaq sahələri çox geniş idi. Yaylaqlarına Aran rayonlarından çox sayda insan gəlib mal-heyvan saxlayırdı. Eyni zamanda, həm əkinçilik, həm də maldarlıqla məşğul olurdular.       
Son zamanlar Kəlbəcər rayonunda çox sayda sənaye obyektləri tikilməyə başlamışdı. Təəssüf ki, həmin vaxt ermənilər prosesin genişləndirilməsinə imkan vermədi.

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər işğala məruz qaldı. Əhaliyə məxsus 15 min yaşayış evi qarət edildi, yandırıldı, 100 mindən çox iribuynuzlu, 500 mindən çox xırdabuynuzlu mal-qara oğurlandı, dövlətə məxsus 500-dən çox inzibati bina, 370 ədəd sosial-mədəni obyekt, o cümlədən 76 səhiyyə  müəssisəsi, 130-dan çox təhsil müəssisəsi, 170-dən çox mədəniyyət binası yerlə-yeksan edildi, 1500 minik maşın qarət olundu. Həmin vaxt Kəlbəcər rayonunun 500 oğlu Şəhid oldu ki, onların yarısı mülki, yarısı hərbi şəhidlər idi. Əhalinin 600 nəfəri girov götürüldü ki, onlardan yalnız 120 nəfər geri qaytarıldı, yerdə qalanlardan bugünədək heç bir xəbər yoxdur. Ermənilərin Kəlbəcəri 1988-ci ildən 1993-cü ilin aprelinə qədər mühasirə şəraitində saxladılar. Bu beş il ərzində kəlbəcərlilər hər cür çətinliyə sinə gəldilər, öz torpaqlarını mərdliklə müdafiə etdilər. Kəlbəcər Azərbaycanın qədim qala qapısı sayılırdı. Həm coğrafi mövqeyinə, həm də insanların torpağa bağlılığına görə Kəlbəcəri asanlıqla işğal emək mümkün deyildi. Çox təəssüflər olsun ki, ölkədəki o vaxtkı siyasi rəhbərlik, ölkədaxili hərc-mərclik düşmənə göydəndüşmə fürsət oldu. Beləliklə, ermənilər öz havadarlarının köməkliyilə 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etdilər”.

 “Biz öz yurdumuzda tikiləcək evlərimizə qayıdacağıq”

 

A.Məmmədovun sözlərinə görə, işğaldan əvvəl rayon əhalisinin sayı 54 min nəfər idi:


“54 min nəfər respublikanın 54 rayonun mindən artıq yaşayış məntəqəsində məskunlaşdı. Hazırda Kəlbəcər əhalisinin sayı 77 min 461 nəfər, 23 min 406 ailədir. Kəlbəcər 128 kənddən, 1 şəhər və qəsəbədən ibarətdir. Dövlət tərəfindən əhaliyə mütəmadi olaraq diqqət və qayğı göstərilib. 56 mindən çox kəlbəcərli aylıq müavinət şəklində hər ay dövlət tərəfindən yardım alır. Bu isə 3 milyon 250 min manata yaxın vəsait edir. Eyni zamanda, respublikada 102-dən artıq qaçqın qəsəbələri salınıb. Bu qəsəbələrdə kəlbəcərli məcburi köçkünlər də məskunlaşıb. 4650 kəlbəcərli ailəsi bütün şəraitlə təmin olunmuş yeni, müasir evlərdə yaşayır. Proses hələ də davam etdirilir. Bu ilin sonunadək 7 mindən çox məcburi köçkün ailəsinin evlə təmin olunması nəzərdə tutulur. Ümid edirik ki, hazırda ordumuz tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlarla biz öz torpaqlarımızda tikiləcək evlərimizə qayıdacağıq. Uğurlu əks-hücum əməliyyatları ilə 150-dan çox kənd, 4 rayon mərkəzi, 1 qəsəbə, eyni zamanda Kəlbəcərin bir hissəsi, Murovdağ yüksəkliyi ordumuzun nəzarətinə keçib. Ümid edirik ki, tezliklə bütün torpaqlarımız işğaldan azad ediləcək və biz öz torpaqlarımıza qayıdacağıq. Biz həmin günü böyük səbirsizliklə gözləyirik ki, Kəlbəcərlə bağlı Ali Baş Komandan tərəfindən müjdəli xəbər verilsin.

Hazırda bircə arzumuz var ki, torpaqlarımız tamamilə yadellilərdən azad edilsin. Daha sonra hər bir kənd, qəsəbə minlardan təmizlənməlidir. Yollarımız təmir edildikdən, evlər mərhələli şəkildə tikildikdən, bütün sahələr üzrə-tibb, səhiyyə, mədəniyyət bərpa olunduqdan sonra cənab Prezidentin tapşırığı ilə işlər mərhələli şəkildə həyata keçiriləcək. Çünki torpaqlar işğaldan azad edilən kimi əhalini həmin əraziyə buraxmaq olmaz. Bütün proseslər planlı, mərhələli şəkildə həyata keçirilməlidir. Təki biz torpaqlarımıza qayıdaq, orada hər bir çətinliyə qatlaşmağa hazırıq. İnsanlar yenidənqurma işlərində şəxsən iştirak etmək üçün qollarını çırmamağa hazır olduqlarını dəfələrlə bəyan ediblər.

Mən əminəm ki, Kəlbəcər tam olaraq işğalçılardan təmziləndikdən sonra böyük turizm mərkəzinə çevirilə bilər. Bunun üçün kifayət qədər potensialı var. Azərbaycanın hər yeri bizə doğma, əzizdir. Amma kəlbəcərli olduğuma görə demirəm, Kəlbəcər təbiətinə görə fərqli bir bölgədir. İsti yerləri var, yayın istisində buz kimi olan dağları var. Bu baxımdan Kəlbəcər çox böyük turizm mərkəzinə çeviriləcək. Təbiətinə, iqliminə, meşələrinin zənginliyinə, mineral bulaqlarına, “İstisu”suyuna görə turizm üçün respublikamızda bəlkə də dünyada birinci yerlərdən birini tutacaq”.

 

13 yaşlı uşaq yaddaşında qalan Kəlbəcər

Erməni işğalı ilə əlaqədar 13 yaşındaykən rayonu tərk etmək məcburiyyətində qalan, hazırda isə Kəlbəcər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyən Eldəniz MehtiyevModern.az-a danışarkən, Kəlbəcərlə bağlı tozlu-dumanlı xatirələrini bölüşüb:


“Kəlbəcəri daha çox böyüklərimizin dililə görmüşəm, çünki rayondan çıxanda cəmi 13 yaşım vardı. Uşaqlıq havam hələ də başımda idi. Kəlbəcərsizliyi daha çox yaşa dolduqca hiss etdim. Həmişə yuxularımda görürdüm. Amma bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, güclü ordumuzun qüdrəti sayəsində kəlbəcərli yuxularım çin olur. Buna görə ordumuza, Prezidentimizə nə qədər təşəkkür etsəm də, azdır. Allah əsgərlərimizi qorusun, Allah Ali Baş Komandanımızı qorusun ki, bu günləri görməyi bizə nəsib edirlər. İnşallah,  torpaqlarımız işğalçılardan tam azad edildikdən sonra hamının ümdə arzusu o torpaqların yaşayış üçün bərqərar olmasıdır. Bunun üçün hər bir kəlbəcərli əlini daşın altına qoymağa hazırdır. Bizim əsas işimiz bundan sonra başlayacaq. Tək istəyimiz torpaqlarımıza qayıdıb, ermənilərin viran qoyduğu elimizi qurub-yaratmaq, o torpaqlara yeni nəfəs verməkdir. İşğaldan sonra təbii ki, ərazinin minalardan təmizlənməsi, infrastrukturun qurulması, normal həyat üçün şəraitin bərqərar olması ilkin mərəhələdə həyata keçiriləcək məsələlərdir. Bunun üçün təbii ki, bizə zaman lazım olacaq.


Kəlbəcər təbii sərvətlərlə o qədər zəngindir ki, ermənilər bu illər ərzində rayonu çapıb-talayıblar. Rayonumuz turizm üçün böyük potensiala malikdir. Rayonda, civə zavodu, qızıl yataqları, təbii uran yatağı, mərmər yatağı vardı. Orada hər bir bulaq özü təbii mineral idi. İndi Bakıya mineral sular gətirilir, bax o minerallardan da şəfalısı Kəlbəcərdə idi. Hər yanda bulaqlar qaynayırdı. Arıçılıq, maldarlıq, əkinçilik geniş yayılmışdı, nə yox idi ki… Kəlbəcərin adı “Yaşıl aptek” deyirdilər. Kəlbəcərlə bağlı çox arzularımız var. Allah Ali Baş Komandanımızı qorusun. İnşallah, böyük qayıdışdan sonra sizi Kəlbəcərdə gözləyəcəyik”.

 “Kəlbəcərli heç vaxt ac qalmırdı”

Kəlbəcər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 60 yaşlı baş məsləhətçisi Əli Alışanov qocaman kəlbəcərli olaraq, danışdıqca danışdı, öydükcə öydü Kəlbəcəri:


“1960-cı ildə Kəlbəcər rayonun Qamışlı kəndində anadan olmuşam. Uşaqlığım, gəncliyim Kəlbəcərə bağlıdır. Lev çayı kəndi iki yer bölürdü. Biz tərəfdə Lev, bizim kənddən o tərəfə Qamışlı adlanırdı. Kəlbəcər hər tərəfdən dağlarla əhatə olunmuşdu, sanki təbiətin gözəlliyi zərgər dəqiqliyilə işlənmişdi. Çexislovakiyanın “Karlovı Varı”sı Kəlbəcərin “İstisu”yana çata bilmirdi.




Əhali əsasən tütünçülük, maldarlıqla məşğul idi. Atam kolxozçu, anam tibb bacısı idi.


Yaxşı xatirimdədir, 1985-ci ildən sonra dünya alimləri ekspedisiyalar təşkil etmişdi. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, Kəlbəcər dünyada analoqu olmayan bir diyardır. Desəm ki, Kəlbəcərdə fındıq ağacının diametri 3 metr, hündürlüyü 25-30 metr idi, heç kəs inanmaz. Kəlbəcər meşələrində bəbirdən vaşaqa, ayıya, porsuqa, tülküyə, canavara, tülküyə qədər bütün heyvanlar vardı. Yaxşı yadımdadı, 1975-ci ilin ortalarında əhalinin pensiya həddi 17-18 manat idi. Bu da bir kisə un edirdi, amma camaat gördü ki, dolanmaq çətinləşir. Tütünçülüklə məşğul olmağa başaldı. Elə hamı deyirdi tütünçülük orqanizmə ziyandır, amma onun iqtisadiyyata verdiyi təkana heç kim diqqət etmirdi. Tütündə işləyən adamların gəliri xeyli artmışdı. Təsəvvür edin ki, bir kiloqram tütünün qiyməti 6 manat 60 qəpik idi. Bir adam 1 ton tütün verirdisə, 6 min 600 manat pul alırdı. Kəlbəcərli ac qalmırdı, hara tərpənirdi, həyat şəraitini yaxşılaşdırmaq üçün bir vasitə tapırdı.

Beləcə insanların gəlirləri artmağa başladı, evlər tikildi, Yuxarı Düz adlanan yerdə şəhər salındı”.


“Xaosun içindəydik, kimin, nəyin dalınca gedəcəyimizi bilmirdik”

 

İxtisasca dil-ədəbiyat müəllimi olan Əli müəllim deyir ki, o vaxt rayonda sovet ideologiyası üstünlük təşkil edirdi:


“1980-ci illərin sonu 1990-cı illərin əvvəlində bir xaosun içindəydik, kimin, nəyin dalınca gedəcəyimizi bilmirdik.

Kəlbəcər rayonu 1992-ci ilin oktyabrına qədər 1936 kvardart kilometr olub. Ağdərə rayonu ləğv olunandan sonra onun kəndlərinin bir çoxu Kəlbəcərə birləşdirildi. Beləliklə, Kəlbəcərin ərazisi 3054 kvadrat kilometr oldu. Ulu öndər hakimiyyətə gələndə artıq geridönüş üçün çox gec idi, çünki biz məcburi köçkün olmuşduq, hərə bir tərəfə səpələnmişdi.

Sözsüz ki, işğaldan tam azad ediləndən sonra arzum Kəlbəcərə köçməkdir. Mən Kəlbəcərdə gəncliyimi qoyub gəlmişəm. Burada yaşadığım 27 ili ömürdən saymıram. Bircə qorxum son anlarda ömrün vəfa etməməsilə bağlıdır. Onsuz yaşadığımı yaşamışam, amma arzumdur gedib dədə-baba yurdumu yenidən görmək, qismət olsa elə orda ölmək. Bundan böyük xoşbəxtlik olmaz mənim üçün. Ailəm, uşağım, övladlarım ali təhsil alıb, şükür yaxşı yaşayırıq. Amma Kəlbəcərsiz keçən bu 27 ili ömürdən saymıram, gördüyüm yuxular Kəlbəcərlə bağlıdır. 60 yaşıma çatmışam, bircə Kəlbəcərə gedim, ondan sonra nə olar-olar.

Burada Əli müəlliməm, Kəlbəcərdə olacam Əli baba. Kənd təsərrüfatı ilə məşğul olub, mal-heyvanımı saxlayacam. Bircə istəyimiz Kəlbəcəri görməkdir.

Bizi bu arzularımıza hər gün daha da yaxınlaşdıran Ali Baş Komandana., igid əsgərlərimizə nə qədər təşəkkür etsək, azdır. İlham Əliyev o qədər müdrik insandır ki, hamıya öz dilində xitab edir, hərəni öz dililə diləndirir, hərəyə öz dilində cavab verir. O çox böyük siyasətçidir”.(Modern.az)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də