“Artıq 31 gündür ki, Azərbaycanın rəşadətli ordusu Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Azərbaycan tarixi, əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, həmçinin, çoxdan pozulmuş beynəlxalq hüququ bərpa edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edir”.
Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin azyaşlı uşaqları belə ordu sıralarına cəlb etdiyini vurğulayan millət vəkili, bunun beynəlxalq konvensiyalara da tamamilə zidd olduğunu qeyd edib:
“Azərbaycan işğalçı erməni silahlı qüvvələrini tarixi torpaqlarımızdan qovmaqla yanaşı, Cənubi Qafqaz regionunu seperatçı, terrorist qüvvələrdən də təmizləyir. Belə bir vaxtda pozulmuş beynəlxalq hüququn icra olunmasına nəzarət etmək əvəzinə Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Təbii ki, burada məqsəd Azərbaycanın müzəffər ordusu qarşısında tab gətirə bilməyən Ermənistanı xilas etməkdir. Əlbəttə ki, bütün bu təzyiqlərə Cənab Ali Baş Komandan əzmlə sinə gərir və Azərbaycana müxtəlif vasitələrlə təsir göstərməyə çalışanlara layiqli cavab verir.
Bildiyimiz kimi, Ermənistanın hərbi-siyasi rəhbərləri beynəlxalq hüququn norma və prinsiplərini pozur, onunla hesablaşmır, onu heçə sayırlar. Bu günlərdə bunun bir daha şahidi olduq. Ermənistan mətbuatında və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxslərin Ermənistan ordusuna könüllü kimi çağırılması və iştirakı haqqında faktlar yayılıbdır. Qeyd etmək lazımdır ki, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur: “Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir. Həmin maddəyə əsasən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsi qadağan olunur. Aydındır ki, Ermənistan höküməti məqsədli şəkildə qoşulduğu konvensiyalara zidd hərəkətlər edir. Eyni zamanda həmin konvensiyaya əsasən dövlətlər 18 yaş həddinə çatmamış şəxslərin, onların silahlı qüvvələrin çağırışına cəlb edilməməsini təmin etməlidirlər. Ermənistan yetkinlik yaşına çatmayan şəxsləri məcburi şəkildə hərbi münaqişəyə cəlb edərək, nəinki uşaqları təhsildən, inkişafdan yayındırır həmçinin onların digər hüquqlarını da kobud şəkildə pozur. Cinayətkar Ermənistan hakimiyyəti öz məkrli niyyətlərini həyata keçirmək üçün yetkinlik yaşına çatmamış uşaqları bilərəkdən ölümə göndərir.
Qadın və yaşlılardan sonra bu dəfə də kiçik uşaqların döyüşlərə cəlb edilməsi Ermənistan ordusunda hərbçi sayının kəskin azaldığını göstərir.Gördüyümüz kimi əlləri azərbaycanlı uşaqların qanına batmış Ermənistan rəhbərliyi öz uşaqlarına qarşı hərbi cinayət törətməkdən belə çəkinmirlər. Yetkinlik yaşına çatmamış uşaqların müharibəyə cəlb olunması açıq-aşkar müharibə cinayətidir. Özü də bu cinayət Ermənistan hərbi-siyasi hakimiyyəti tərəfindən erməni xalqına qarşı yönəlib. Əlbəttə ki, hər şeydən öncə bu cinayətə qarşı erməni toplumunun özü cavab verməlidir”.
T.Cəfərova xüsusilə diqqətə çatdırıb ki, müxtəlif vaxtlarda uşaq hüquqlarıının pozulması ilə əlaqədar Azərbaycana irad tutan beynəlxalq təşkilatlar indi də ikili standartlardan əl çəkmək fikrində deyillər:
“Heç olmasa indi dünya birliyi hərəkətə keçməli, Roma və Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozan və Ermənistan höküməti tərəfindən verilmiş insanlığa zidd qərarlara hüquqi qiymət verməlidir”.