Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenskinin yerinə onu hazırlayırlar? - Putin ad çəkdi

Zelenskinin yerinə onu hazırlayırlar? - Putin ad çəkdi

Rusiya prezidenti Vladimir Putin Ukraynada mümkün seçkilərlə bağlı yeni açıqlamalar verib.

O, Ukrayna ordusunun keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri olan Valeri Zalujninin reytinqinin prezident Volodimir Zelenskidən iki dəfə yüksək olduğunu iddia edib.

Putinin sözlərinə görə, Zelenskinin əsas problemi odur ki, hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərə getməli olacaq. O, Zelenskinin seçkilərdə qalib gəlmək şansının "sıfıra bərabər" olduğunu iddia edib. Bundan əlavə, Rusiya lideri Zelenskinin Rusiya ilə danışıqlardan yayınmaq üçün hərbi vəziyyətin saxlanmasına çalışdığını vurğulayıb.

Qeyd edək ki, Valeri Zalujni Ukraynanın hərbi liderlərindən biridir və ölkədə ən populyar fiqurlardan sayılır. 2022-ci ildən bəri Rusiyaya qarşı müharibədə ordunu idarə edib və Ukrayna ictimaiyyəti arasında “Dəmir General” kimi tanınır. 

Bir sıra KİV-lər onun Zelenski ilə münasibətlərinin gərgin olduğu iddia edilir və bu, onun fevral ayında vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarıb. Daha sonra Zalujni Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib, bu da onun siyasi ambisiyalarına yeni imkanlar açır.

Qərb ölkələrində və Ukrayna elitasında Zalujninin Zelenskinin alternativi kimi hazırlandığı barədə fikirlər var. Xüsusilə, bəzi analitiklər Qərbin Zelenskinin populyarlığının azalması fonunda yeni lider axtardığını düşünürlər. Amma Zelenskinin reytinqi ilə bağlı məlumatlar etibarlı hesab edilmir.

ABŞ və Avropa ölkələrinin bəzi dairələrində Zalujniyə müsbət yanaşılır, çünki o, hərbi sahədə uğurlar əldə edib və korrupsiyaya qarşı mövqeyi ilə seçilir.

Bununla belə, Zalujninin prezidentliyə namizəd olub-olmayacağı hələ dəqiqləşməyib. 

Putinin Zalujni barədə danışması təsadüfi deyil. Rusiya lideri də bilir ki, o, Ukraynada güclü siyasi fiqur hesab olunur və Qərbdə müəyyən dəstəyə malikdir. Kreml bu məsələyə xüsusi diqqət ayırmaqla Ukrayna hakimiyyəti arasında nifaq toxumaları səpəməyə çalışır. Putin Zelenskinin mövqeyinin zəiflədiyini və Rusiya üçün daha sərfəli danışıqlar üçün şəraitin yarana biləcəyini başa düşür.

Ukraynada növbəti seçkilərin nə zaman keçiriləcəyi hələ məlum deyil, lakin Zelenski və Zalujni arasında mümkün siyasi rəqabət yaxın aylarda daha da qızışa bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də