Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) hazırladığı, ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) dəstəyi ilə qəbul edilməsi ölkədə seçkiqabağı siyasi mühitin daha da gərginləşməsinə səbəb olub.
Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Berlin, Münxen, Frayburq, Hannover, Drezden, Mayntsda on minlərlə insan meydan və küçələrə axışaraq Xristian Demokratlar İttifaqı/Xristian Sosialist İttifaqının (CDU/CSU) təklifinin AfD-nin dəstəyi ilə qəbul olunmasına sərt etirazlarını bildiriblər. Etirazlar CDU və CSU-nun əsas və əyalət təşkilatlarının qərargahlarının qarşısında təşkil olunub. Bir sıra hallarda etirazçılar bu partiyalara aid binalara daxil ola biliblər. Aksiyalarda demokratik partiyaların AfD ilə əməkdaşlığının demokratiya üçün açıq təhlükə və təhdid olduğu qeyd olunub, partiyaların sonuncu səsvermədəki mövqelərinin ciddi narahatlıq doğurduğu vurğulanıb. Etirazçılar bu aksiyaların növbəti günlərdə də davam etdiriləcəyini bildiriblər.