İspaniyanın Mayorka adasında 270-280 milyon il əvvəl yaşamış qorqonopslar növünə aid fosil aşkar edilib. Bu tapıntı Kataloniya Paleontologiya İnstitutu Balear Təbiət Muzeyinin rəhbərliyi ilə beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan qazıntılar zamanı aşkar olunub. Qorqonopslara aid indiyədək məlum olan ən qədim fosil olması bu tapıntının əhəmiyyətini artırır.
Qorqonopslar Perm dövründə (270-250 milyon il əvvəl) yaşayıb, məməlilərin təkamül xəttinə aid yırtıcı növdür. Onlar “qılınc dişləri” ilə fərqlənib və ekosistemlərin super yırtıcıları olublar. Bu növ əvvəlki tapıntılardan fərqli olaraq, Rusiya və Cənubi Afrika əvəzinə, Mayorkada aşkarlanıb.
Fosil kiçik və orta ölçülü, uzunluğu təxminən bir metr olan heyvana aiddir. Tapılan qalıqlara kəllə, fəqərə, qabırğa və tam bud sümüyü daxildir. Tədqiqatçılar bu fosilin qorqonopsların təkamülündə yeni məlumat təqdim etdiyini bildiriblər.