Gürcüstanın paytaxtı Tiflisdə məşhur transgender model Kesariya Abramidze qətlə yetirilib.
Faktı Gürcüstan Daxili İşlər Nazirliyi təsdiqləyib.
37 yaşlı qadın Didi Diqomidəki mənzilində ölü tapılıb. Bir versiyaya görə onu bıçaqlayıblar, digər versiyaya görə isə güllələnib. Qonşular söyüş və ya digər şübhəli səsləri eşitmədiklərini deyirlər. Hadisə yerində məhkəmə-tibb ekspertləri cəlb edilib və evin girişi sarı lentlə əhatə olunub.
“Pirveli” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən yaşı 30-a qədər olan şəxs axtarışa verilib. Qətlin səbəbinin sosial şəbəkələrdə yayılan foto olduğu iddia edilir.
Qeyd olunub ki, Kesaria Abramidze Gürcüstanın ən məşhur transgender qadınıdır. O, müntəzəm olaraq müxtəlif tok-şoulara dəvət alır, seriallarda rol alır və tez-tez qalmaqallı müsahibələr verirdi. 2018-ci ildə o, transgender gözəllik müsabiqəsində Gürcüstanı təmsil edib.
Daha sonra Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, polis Abramidzeni qəsdən öldürməkdə təqsirli bilinən 28 yaşlı kişini saxlayıb. İstintaq müəyyən edib ki, “münaqişə zəminində” təqsirləndirilən şəxs sentyabrın 18-də Didi Diqomi ərazisindəki mənzilində qadına hücum edib və çoxsaylı bıçaq xəsarətləri yetirib.