İranın mərhum prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması barədə araşdırmanın yekun nəticəsi açıqlanıb.
Modern.az-ın məlumatına görə, yekun hesabatda helikopterin hava şəraiti ilə əldaqədar dağa çırpıldığı bildirilib.
“Helikopterin qəzaya uğramasının əsas səbəbi kimi bölgənin mürəkkəb iqlim və atmosfer şəraiti, yaz aylarında, birdən-birə sıx duman kütləsinin hündürlüyünə doğru yüksəlməsi və helikopterin dağla toqquşması göstərilib”, - hesabatda vurğulanır.
Qeyd edilir ki, qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya şəraiti diqqətlə ekspertizadan keçirilib və nəticə alınıb.
Hesabat müəllifləri bildirir ki, son 4 ildə helikopterin təmiri ilə bağlı sənədlərə də ekspertlər tərəfindən baxılıb və görülən işlər zamanı heç bir problem müşahidə olunmayıb.
Təbrizdən Ağbənd körpüsünə, Qız Qalası bəndinə və oradan Təbriz Neft Emalı Zavoduna gedən uçuş xəritələri mütəxəssislər tərəfindən diqqətlə yoxlanılıb və helikopterin proqnozlaşdırılan marşrut üzrə hərəkət etdiyi və bu marşrutdan kənara çıxmadığı müəyyən edilib.
Helikopterin hissələri və sistemləri ekspert tərəfindən yoxlanılıb və təxribat əlamətləri aşkar edilməyib. Helikopterin hücum və müdafiə sistemləri, elektron müharibə, maqnit sahəsinin və lazerin yaradılması ehtimalı ekspert və mütəxəssis tərəfindən yoxlanılıb və qeyd olunan halların qəza baş verməsinə hər hansı müdaxiləsi istisna edilib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.