İraq təhlükəsizlik qüvvələrinin ABŞ hərbçiləri ilə birgə İŞİD terror təşkilatına qarşı Anbar səhrasında keçirdiyi əməliyyat zamanı 7 amerikalı əsgər yaralanıb.
Bu barədə Associated Press agentliyi Pentaqonun nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, İŞİD liderlərini hədəf alan əməliyyat təşkilatın İraq vətəndaşlarına, eləcə də regionda və onun hüdudlarından kənarda ABŞ vətəndaşlarına, müttəfiqlərinə və tərəfdaşlarına qarşı hücumlar təşkil etmək imkanlarını zəiflətmək məqsədi daşıyır. Əməliyyatın gedişində liderlər də daxil olmaqla, 15 İŞİD üzvü öldürülüb.
2017-ci ildə İraqda, 2019-cu ildə isə Suriyada ələ keçirdiyi ərazilərə nəzarəti itirən qruplaşmaya qarşı mübarizə üçün ABŞ-ın başçılığı ilə 80-dən çox ölkədən ibarət koalisiya yaradılıb. Bununla belə, silahlılar İraq və Suriyanın səhralıq ərazilərində fəaliyyətlərini hələ də davam etdirirlər.
Agentliyin məlumatına görə, İraqda təxminən 2,5 min ABŞ əsgəri var.