Özbəkistanda ali təhsil müəssisələrini bitirənlərin 59%-i iş tapa bilmir.
Bunu ölkənin məşğulluq və yoxsulluğun azaldılması naziri Bekzod Musayev bildirib.
Qanunvericilik Palatasının növbəti plenar iclasında nazir qeyd edib ki, bu il 214 min məzundan yalnız 41 faizi vahid milli məşğulluq sistemi vasitəsilə əmək müqaviləsi əsasında işə qəbul olunub.
Musayev əlavə edib ki, 102 min vakant yerdə 95 min insan iş tapa bilər. Avqust və sentyabr aylarında məzun olan işsizlərin işlə təmin olunması nəzərdə tutulur.
2024-cü ilin yanvar-iyun ayları ərzində məşğulluq şöbələrinə 415 min işsiz vətəndaş müraciət edib. Nazirin sözlərinə görə, bu ilin sonuna kimi 2,4 milyon nəfərin işlə təmin olunması planlaşdırılır.