Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələri kəskin tənqid edərək, həmin onlayn platformalara sahib olan şirkətləri ikili standartlarda və “rəqəmsal faşizm”də ittiham edib.
Sosial şəbəkələrin ünvanına tənqidi Türkiyə lideri bu gün Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerləri qarşısında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, sosial şəbəkələrə sahib olan şirkətlərin maraqlarına toxunulan an onlar “mafiya strukturları” taktikasını seçirlər.
Bu münasibət bizim üçün yeni bir şey deyil. Biz Türkiyədə sosial media platformalarında oxşar münasibətlə tez-tez qarşılaşmışıq. Türkiyə tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu xətt bu gün də davam edir”, - deyə Ərdoğan bildirib.
Prezident FETÖ və PKK kimi terror təşkilatlarının sosial mediada davam edən təbliğatına diqqət çəkib.
Siyasətçi vurğulayıb ki, söz azadlığı bəhanəsi ilə terrorçuları müdafiə etmək yolverilməzdir.
Türkiyənin dövlət başçısı qeyd edib ki, sosial şəbəkələr həm də ümumbəşəri və dini dəyərlərə qarşı təhqir və hücum platformasına çevrilib. “Yalanlar, təxribatlar və təhriklər bu platformaların ən xarakterik xüsusiyyətləri olub”, - deyə o bildirib.