"Wizzair" aviaşirkətinin Milan-İrəvan reysi ilə uçan sərnişinlər 12 saata yaxındır ki, hava limanında qalıb və havaya qalxa bilməyiblər.
Bunu sərnişinlərdən biri "Sputnik Armenia"ya bildirib.
"Saatlarla gecikmənin səbəbləri barədə məlumat verilmir. Təyyarə yerli vaxtla saat 23:35-də havaya qalxmalı idi, sərnişinlər qeydiyyata alınsa da, uçuş baş tutmayıb. Əvvəlcə ekipaj üzvlərindən birinin vəziyyətinin kəskin pisləşdiyi, təcili yardımın gəldiyi bildirildi, lakin indi sərnişinlər təyyarənin nasaz olduğunu güman edirlər. Üstəlik, nə aviaşirkətin nümayəndələri, nə də Ermənistan səfirliyi vəziyyətə reaksiya vermədi, insanlara minimum şərait belə yaradılmadı", - deyə bildirilib.
Gecikmə səbəbindən İrəvan-Milan reysinin sərnişinləri də bir neçə saatdır ki, havaya qalxa bilmirlər. Sərnişinlərdən birinin sözlərinə görə, reys bu gün saat 06:00-a planlaşdırılsa da, saat yarımdan sonra onlar hələ də qaldıqları otelə aparılıb. Uçuşun saat 14:00-da baş tutacağı bildirilir.