Rusiyada Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb. Bu albomdan əldə ediləcək bütün vəsait martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktından zərər çəkmiş insanlara dəstək üçün yönəldiləcək.
Bu məlumatı “VK muzıka” yayım xidməti yayıb.
Məlumatda bildirilir ki, “Qolos moy uslish” (“Səsimi eşit”) adlı alboma Emin Ağalarov, Hammali, Navai, Vladimir Presnyakov, Stas Mixaylov, “Lyube”, Valeriya, Polina Qaqarina, Vanya Dmitriyenko, Basta, “Tri dnya dojdya”, Macan və digər artistlərin ifasında Müslüm Maqomayevin 12 mahnısı daxil edilib.
Alboma “VK muzıka”, “Yandeks muzıka”, “MTS muzıka” vasitəsilə də qulaq asmaq olar.