Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İtaliya nəşrində erməni yalanları ifşa edildi

İtaliya nəşrində erməni yalanları ifşa edildi


Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu ölkənin “Adnkronos” nəşrinə ünvanladığı məktubunda ermənilərin yaydığı dezinformasiyaya diqqəti çəkərək qarşı tərəfin yalanlarını ifşa edib.

Rəşad Aslanov erməni səfiri Tsovinar Hambardzumyanın müsahibəsinə cavabında Ermənistanın regionda sülhün bərqərar olmasını yalnız şifahi formada istədiyini bildirib.

 “Azərbaycan dəfələrlə bəyan edib ki, biz tarixi fürsət qarşısındayıq və sülh müqaviləsini imzalamağa heç bir maneə yoxdur. Bununla belə, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv münasibət bizdə bu ölkənin sülh müqaviləsini imzalamağa ciddi yanaşmasına şübhələr yaradır. Erməni tərəfi razılığa gəlmək istədiyini şifahi şəkildə bildirsə də, faktlar bunun əksini göstərir”, - deyə Azərbaycan səfiri vurğulayıb.

 R.Aslanov qeyd edib ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Buna görə də Azərbaycan sentyabrın 11-də sülh müqaviləsinin beşinci variantını Ermənistana göndərib və iki aydan artıqdır ki, qarşı tərəfin bu sənədə cavabını gözləyir.

 Səfir diqqətə çatdırıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Ölkəmizdəki Qarabağ iqtisadi rayonuna hər hansı fərqli adın verilməsi isə Azərbaycanın ərazi suverenliyinə hörmət edilməməsi kimi qəbul olunur.

 “Eyni zamanda, biz Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “etnik təmizləməyə” məruz qalması ilə bağlı iddiaları qətiyyətlə pisləyir və rədd edirik. Əksinə 30 il ərzində təcavüzkar siyasət həyata keçirən və bir milyon azərbaycanlının fundamental hüquqlarını pozan məhz Ermənistan olub. Azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş soyqırımı və qırğınlar törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə”də ittiham etməyə mənəvi haqqı yoxdur. Hamıya məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin Ermənistana köçürülməsi fərdi qərarlar əsasında baş verib və məcburi köçkünlüklə heç bir əlaqəsi yoxdur. Bir daha xatırladırıq ki, bu cür əsassız ittihamlar regiona səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir”, - deyə R.Aslanov bildirib.

 Diplomat qeyd edib ki, Azərbaycan erməni sakinlərinin reinteqrasiyası üçün iqtisadi, inzibati və sosial tədbirlər hazırlayıb. Ermənistanın Qərbi Azərbaycan icmasına qarşı nümayiş etdirdiyi mövqedən və hər cür dialoqdan imtina etməsindən fərqli olaraq ölkəmiz erməni sakinlərə Azərbaycanın bütün vətəndaşları üçün mövcud olan eyni hüquqları, o cümlədən öz dilindən istifadə etmək və dini etiqadına malik olmaq hüququna təminat verib.

 “Hesab edirəm ki, Ermənistan üçün yalanlar və reallığı yanlış şərh etmək faydalı deyil. Biz diqqəti Azərbaycan üçün prioritet olan məqsədə - Cənubi Qafqazda əsl sülh şəraiti yaratmaq və birgəyaşayışı təmin etməyə yönəltməliyik”, - deyə səfir əlavə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də