Britaniya Parlamentində Dayanıqlı İnkişaf Məqsədlərinə dair müzakirələr keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumata görə, müzakirələr zamanı çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord humanitar minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədlərinə dair iki dəfə Bakıda konfransda iştirak etdiyini bildirib və Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu vurğulayıb.
Metyu Offord ərazilərin minalardan təmizlənməsi nəticəsində təhsil, məşğulluq və ən əsası insanların öz evlərinə qayıda bilməsi üçün imkan yarandığını bildirib və minatəmizləmə nəticəsində bir neçə Dayanıqlı İnkişaf Məqsədinə nail olmağın mümkünlüyünü vurğulayıb. O, ərazilərin minadan təmizlənməsinin təkcə mövcud Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması deyil, bir sıra digər sahələrdə də müsbət nəticələrin əldə edilməsinə göstərdiyi təsiri nəzərə alaraq, Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırış edib.
Qeyd edək ki, Metyu Offord 2022-ci ilin may ayında Ağdama səfər edib və işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə yaxından tanış olub.