Azərbaycan Respublikasının Zəfər Günü Los-Anceles şəhərində təntənəli şəkildə qeyd olunub.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, konsulluq tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Los-Anceles vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan və digər icmaların rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın baş konsulu vəzifəsini icra edən Ramiz Daşdəmirov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Qarabağın və münaqişənin tarixi, torpaqlarımızın işğal olunması, barədə ilkin olaraq qonaqlara məlumat verib.
Bununla yanaşı, Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, İkinci Qarabağ müharibəsinin başlaması səbəbləri və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu, hazırda həmin ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığı vurğulanıb.
Eyni zamanda, Azərbaycanın regional sülhə hazır olduğu və bunun üçün vacib addımlar atdığı bildirilib və tədbir iştirakçılarına münaqişədən sonrakı dövrdə Ermənistan tərəfinin törətdiyi təxribatlar barədə məlumat verilib.
Tədbirdə, həmçinin Zəfər Günü ilə bağlı hazırlanan qısametrajlı film nümayiş etdirilib.
Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından və şirniyyatlarından dadıb, ölkəmiz haqqında müxtəlif nəşrlərlə tanış olublar.