Tarixə müstəmləkə ölkəsi kimi düşən Fransa əsrlər boyu ərazilər zəbt etməklə məşğul olub. Fransanın qanlı qırğınlar törətdiyi bölgələr demək olar ki, hər qitədə mövcuddur. Şimali, Mərkəzi Amerikadan Afrikaya qədər ərazilər Fransanın müstəmləkəsi olub. Fransanın müstəmləkə işğalları zamanı ən böyük insan qırğınları Afrika qitəsində baş verib. Afrikanın təxminən yarısı 19-cu əsrdə fransızlar tərəfindən işğal olunub, müqavimət göstərən yüz minlərlə yerli insan öldürülüb.
Afrikada Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Niger, Seneqal, Tunis, daha sonra Suriya, Livan və nəhayət, Əlcəzair fransızların dəhşətli qırğınlarına şahidlik edib. Təkcə Əlcəzairdə Fransa ordusu 1,5 milyon insanı qətlə yetirib. Əlcəzair bir əsrdən çox müddətdə Fransanın təcavüzünə məruz qalıb.
Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, 132 il Fransanın işğalı altında qalıb. Çox da uzaq olmayan tarixdə, ikinci dünya savaşından sonra Əlcəzairdə baş verən müstəqillik hərəkatı Fransa ordusu tərəfindən qanla boğulub.
1954-cü ilin noyabrından 1962-ci ilin martına qədər davam edən milli azadlıq savaşı zamanı bütün dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib.
Fransa-Əlcəzair müharibəsi
Fransa 1830-cu ildə Əlcəzairi işğal edib. Məqsəd fransız Əlcəzairi yaratmaq idi. Bu məqsədlə işğal zamanı Fransadan bura 1 milyona yaxın fransız köçürülüb. Onlar maddi imkanlarına görə yerli xalqdan fərqlənirdi.
Birinci Dünya Müharibəsindən sonra Əlcəzairdə fransız istilasına qarşı milli mübarizə başlayıb. Bu mübarizəyə Şeyx Abdullah Ben Badis başçılıq edib. Şeyx Abdullahın Əlcəzair mübarizəsinin şüarı belə idi: “İslam mənim dinim, ərəbcə mənim dilim və Əlcəzair mənim vətənim".
Xalqı daha da qəzəbləndirən isə məscidlərdə azan verməsinin qadağan edilməsi oldu. Xalq fransız ordusuna qarşı birləşməyə başladı. Bu hərəkat II Dünya Müharibəsinin başlaması ilə daha da sürətləndi. Fransa əlcəzairliləri müharibədə öz tərəflərindən iştirak qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi vermişdi.
Amma belə olmadı. Daha sonra Fransa ordusu havadan və qurudan bölgəyə hücum təşkil etdi. Hücum nəticəsində 45 min əlcəzairli həyatını itirdi. Bu qırğın Əlcəzairdə yeni dönəmin başlanmasına səbəb oldu. Amansız qırğınlardan sonra 31 oktyabr 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük üsyan başladıldı. Buna cavab olaraq, 500 min nəfərlik fransız ordusu Əlcəzairə yeridildi.
Minlərlə adam mühakimə edilmədən edam olundu. Ancaq bütün bunlar Əlcəzairin Fransaya qarşı müqavimətini qıra bilmədi, əksinə xalqın mübarizə əzmini daha da gücləndirdi. Bundan sonra Fransa Əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Nəticədə referendumda xalq yekdilliklə müstəqilliyə səs verdi. Beləcə, Əlcəzair fransız müstəmləkəsi olmaqdan xilas oldu və müstəqilliyini qazandı.
Təəssüf ki, Əlcəzairin müstəqilliyi 1954-cü ildən 1962-ci ilə qədər 1,5 milyon əlcəzairlinin həyatı bahasına əldə olundu.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən Fransanın törətdiyi qətliamlardan söz açıb. Dövlət başçısı bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib.