İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi həbs edilib.
Bu barədə İranın Fars informasiya agentliyi məlumat yayıb.
Haşiminin hökumət əleyhinə son iğtişaşlarda iştirak etməsi və insanları aksiyaya çağırması ilə əlaqədar həbs olunduğu deyilir.
Onun harada və nə zaman həbs edildiyi açıqlanmayıb.
Qeyd edək ki, Faizə Haşimi İranın hazırkı prezidenti İbrahim Rəisini dəfələrlə tənqid edərək, onun fəaliyyətindən narazılığını dilə gətirib. “İbrahim Rəisi heç kimdir, bir qrup şəxs onu pərdə arxasından idarə edirlər”, - sabiq prezidentin qızı mediaya müsahibəsində deyib.
Xatırladaq ki, sentyabrın 13-də hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü İranda kütləvi etirazlara səbəb olub. Gənc qızın polis zorakılığı nəticəsində dünyasını dəyişməsi İran xalqını ayağa qaldırıb. İndiyədək nümayişlər zamanı 76 dinc etirazçı polislər tərəfindən öldürülüb.